Aygün Kazımovanın ağır xəstə olduğunu sübut edən - SƏNƏDLƏR

12 Aprel 2016 11:40 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın səhhəti ilə bağlı yaranan xəbərlər böyüməyə başlayıb.


Movqe.az-ın big.az-a istinadən məlumatına görə, ötən gün müğənni mətbuata açıqlamasında ağır xəstəliyinin olması barədə yayılan xəbəri təkzib edib. Aygün Kazımova vəkil Fərid Həsənovu yalan məlumat yaymaqda ittiham edib. Müğənni bildirib ki, o, plastik əməliyyat olunmaq üçün Türkiyəyə gedib, heç bir ağır xəstəliyə tutulmayıb.


Bu gün isə Natəvan Həbibinin vəkili Fərid Həsənov Ədliyyə Nazirliyinin İcra Şöbəsinin müğənninin ağır xəstəliyə tutulması ilə bağlı verdiyi sənədin nüsxəsini redaksiyamıza göndərib. Vəkil bildirir ki, yayılmış məlumat həqiqətdir və xalq artisti Aygün Kazımovanın məhkəmə qətnaməsinin icrasını müxtəlif bəhanələr gətirərək uzatması qeyri-mümkündür.


Sənəddə qeyd olunur:


"İş üzrə borclu Kazımova Aygün Ələsgər qızı 25.12.2015 tarixli ərizə ilə Şöbəyə müraciət edərək, səhhətində ağır problemlərin olduğunu və bununla əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara müalicə üçün getməli olduğunu bildirib. Bu səbəbdən onun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür".


26.12.2015 tarixli 17/70 5373/11 nömrəli məktub Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, II dərəcəli ədliyyə qulluqçusu Ramiz Quliyev tərəfindən imzalanıb.


Vəkil Fərid Həsənov onu da əlavə edib ki, icra şöbəsi sadəcə ərizə əsasında məhdudiyyəti götürə bilməz. Bu səbəbdən həqiqətən də Aygün Kazımovanın səhhətində ağır problemlərin olduğunu təsdiq edən sənədlər işə əlavə edilib, bunu icra şöbəsi də təsdiq edə bilər. Vəkil onu da bildirir ki, əgər Aygün Kazımova sağlam olduğunu söyləyibsə, onda belə çıxır ki, xalq artisti İcra Şöbəsini və Məhkəməni aldadıb, yalan arayış təqdim edib./qafqazinfo/