”Azərbaycanla əlaqələrin normallaşdırılması vacibdir“

12 Aprel 2016 13:36 (UTC+04:00)

Avropa İttifaqı məsələlərini işıqlandıran "Theparliamentmagazine.eu" xəbər saytında "AP üzvləri "Avropa Qonşuluq Siyasəti"ni yenidən nəzərdən keçirməyə çağırırlar" başlıqlı məqalə dərc olunub.Məqalədə bildirilir ki, Avropa Parlamentinin (AP) üzvləri Ermənistanla Azərbaycan arasında gərginliyin artmasını "Avropa Qonşuluq Siyasəti"nin "ölü nöqtəyə dirəndiyinin" göstəricisi hesab edir və onun tamamilə yenidən nəzərdən keçirilməsinə ehtiyac yarandığını vurğulayırlar.AP-nin Latviyadan olan üzvü Andrejs Mamikins öz müsahibəsində deyir: "Biz Azərbaycanı küsdürdüyümüz üçün (AP-nin 10 sentyabr 2015-ci il qətnaməsini nəzərdə tutaraq) parlamentlərarası əməkdaşlıq çərçivəsində bütün əlaqələr dayandırılıb, Azərbaycanla əlaqələrin normallaşdırılması vacibdir. İlk növbədə biz Azərbaycandan üzr istəməliyik. Bəli, Azərbaycanda insan hüquqları və mətbuat azadlığı sahəsində problemlər ola bilər, lakin biz Avropa Parlamenti olaraq bunu Bakıya hörmətsiz şəkildə bəyan etdik. Biz, Avropa İttifaqı ölkələri qonşuluq siyasətinə üzv ölkələrdən nə istədiyimizi müəyyən edə bilmirik".Latviyadan olan başqa bir deputat, eyni zamanda, xarici əlaqələr komitəsinin üzvü İveta Grigule isə Azərbaycanın Avronest Parlament Assambleyasına geri qayıtması məsələsinə diqqət çəkir: "Avronest Parlament Assambleyasında Azərbaycanın üzvlük məsələsi müzakirə edilməkdədir. Bu o deməkdir ki, Azərbaycan bu müzakirələrdə kənarda qalmamalıdır. Ölkə öz problemləri haqqında danışmalıdır, tez və ya gec onun səsi mütləq eşidiləcəkdir". Deputat, həmçinin AP-nin Azərbaycanla bağlı keçən il qəbul etdiyi qətnaməni bir səhv adlandıraraq əlavə edir: "Azərbaycan və Aİ bu kimi halların mövcudluğuna baxmayaraq, birlikdə işləməyə davam etməlidir. Latviya da kiçik ölkədir, biz də Aİ tərəfindən bəzən tənqid olunuruq. Biz bunun necə ağrılı olduğunu anlaya bilirik, çünki Azərbaycan kimi, Latviya da hər zaman əlindən gələnin ən yaxşısını edir".(AzərTac)