“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə”

12 Aprel 2016 20:00 (UTC+04:00)

Aprelin 12-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri – siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin və texniki məsələlər üzrə ekspert Rauf Məmmədovun - Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsi çərçivəsində tələbələrlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Beynəlxalq məsələlər üzrə prorektoru Rafiq Camalov son günlərdə baş vermiş hadisələrlə əlaqədar Azərbaycan ordusunun yenilməzliyindən söz açıb. Gənclərdə vətənpərvərlik hislərinin güclü olduğunu bildirən prorektor onların bu xüsusiyyətini müsbət hal kimi qiymətləndirib. Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı ADNSU-da ölkəmizə, prezidentə və ordumuza dəstək məqsədilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıran R.Camalov bu görüşün qayəsinin də məhz bu qəbildən olduğunu söyləyib və sözü AVCİYA-nın nümayəndəsi Ramiz Sevdimalıyevə verib. R.Sevdimalıyev ölkənin qüdrətinin və xalqın gələcəyinin gənclərdən asılı olduğunu deyərək, bu layihə çərçivəsində məhz gənclərlə görüşməyin vacibliyindən söz açıb. O, AVCİYA-nın 12 illik fəaliyyətindən bəhs edərək onun əsas xəttinin Qarabağ həqiqətləri, Ermənistanın işğalçı siyasəti, tarix boyu xalqımıza qarşı törədilən soyqırım və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirib. Düşmənlə mübarizədə yanlış informasiyanın qarşısının alınmasında medianın üzərinə böyük vəzifə düşdüyünü deyən siyasi elmlər doktoru, dünyada Azərbaycana qarşı ciddi təzyiqlərin olduğunu və bu günə qədər nə ATƏT-in Minsk qrupu, nə də digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçı dövlət adlandırılmamasına diqqət çəkib. Azərbaycan ordusunun hərbi əməliyyatlarda əldə etdiyi qələbələrdən söz açan qonaq dövlətimizin öz torpaqlarından və onun azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcəyini söyləyib. AVCİYA nümayəndəsi yalnız İslam Əməkdaşlıq Təşkilatının və AŞPA prezidenti Pedro Aqramuntun bəyanatlarında Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad edilməsinin vacibliyinin vurğulandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etmək və bütün dünyaya yaymaq məqsədilə Ağ Ev Administrasiyasına ünvanlanan petisiyadan danışaraq prezidenti bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə olunmamasının vurğulandığını qeyd edib. Petisiyanın əhəmiyyətindən danışan R.Sevdimalıyev məhz bunun vasitəsilə Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamənin Ağ Evin saytında dünyaya çatdırıldığını vurğulayıb. Hər kəsi layihəyə qoşulmağa çağıran qonaq ADNSU-da hər bir əməkdaş və tələbənin hər birinin dostu, qohumu olduğunu vurğulayaraq, onların da bu səsverməyə cəlb edilməsini məqsədəuyğyn sayıb. Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib. AVCİYA-nın nümayəndəsi texniki məsələlər üzrə ekspert Rauf Məmmədov səsvermənin qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, qaydalara əsasən 100 min səs qazanmaq zəruridir. O, səsvermənin davam etdiyini və yaxın günlərdə bir neçə yüz min səsin qazanılacağına əminliyini ifadə edib. Qeyd edək ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması üçün geniş təbliğat kampaniyasına başlayıb. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər.