ADNSU 17-ci Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edib

12 Aprel 2016 17:40 (UTC+04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşları Cəmilə İsmayılzadə və Qənirə Quliyeva aprelin 7-dən 9-a Qazaxıstan Respublikasının Almata şəhərində keçirilən 17-ci Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak ediblər.Sərgidə ADNSU ilə yanaşı ABŞ, Böyük Britaniya, Misir, Kanada, Şimali Kipr, Macarıstan, İsrail, Qazaxıstan, Latviya, Litva, Malaziya, Polşa, Rusiya, İsveçrə, Türkiyə və Ukraynadan ali məktəblər təmsil olunub. Hər bir ali məktəb öz təhsil imkanları barədə məlumat verib, ali məktəblər arasında əməkdaşlıq üçün sahələr müəyyənləşdiriblər.Sərginin əsas ziyarətçiləri məktəblilər, tələbələr, valideynlər, ali və orta təhsil sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri olub.Sərgidə ADNSU nümayəndələri təxmini 400-ə yaxın ziyarətçinin suallarını cavablandırıb, 300-ə yaxın ziyarətçiyə universitetin kataloqunu, universitetlə bağlı müxtəlif hədiyyələr və Azərbaycan mədəniyyəti haqqında müxtəlif məlumat kitabçaları paylayıblar. Ziyarətçiləri maraqlandıran əsas suallar əcnəbi tələbələrin qəbul qaydaları ilə bağlı olub.Bundan başqa, ADNSU sərgi gedişində digər ali məktəblərlə də səmərəli əməkdaşlıqlar qurub. Qazaxıstan ali məktəbləri ilə əsasən qısa müddətli ixtisasartırma kursları sahəsində mübadilə imkanları müzakirə olunub. Polşa universitetləri ilə səmərəli danışıqlar aparılıb və bir sıra universitetlə müxtəlif proqramlar çərçivəsində mübadilə aparmaq üçün razılıq əldə edilib.