Pambıq Azərbaycana valyuta axınını artıracaq

13 Aprel 2016 09:30 (UTC+04:00)

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dömlət başçısı bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Dövlət başçısı bu fonda həm də pambıqçılığın inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Qeyd edək ki, bu il üçün pambıq istehsalının 3 dəfə artırılaraq 100 min tona çatdırılması nəzərdə tutulub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nicat Hacızadə qeyd etdi ki, pambıq istehsalının artımı həm qeyri-neft sektorunun inkişafı, həm də ölkəyə əlavə valyutanın gəlməsi baxımından vacib elementdir: "İlk növbədə qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatının spesifik sektoru hesab edilən pambıqçılığın inkişafı üçün ölkəmizdə münbit şərait var. Hətta Sovet imperiyası dövrünə fikir versək, Azərbaycan keçmiş ittifaq ölkələri arasında istehsal edilən pambıq həcminə görə, ilk 3-lüyə daxil idi ki, istehsal milyon tonlarla hesablanırdı.

Amma son illər Azərbaycanda pambıqçılıqda nəzərə çarpacaq dərəcədə enmələr müşahidə olunur. Müvafiq olaraq əkin sahələri, məhsullardlıq və istehsal baxımından son 5 il ərzində statistika yalnız enmə xətti ilə gedir. Xüsusilə əkin sahəsinə diqqət yetirsək, 2011-ci ildə bu, 42 829 hektar idisə, 2014-cü ildə 22918 hektar olmuşdur ki, bu da 19911 hektar enmə deməkdir. Bundan əlavə avtomatik olaraq məhsuldarlıqda aşağı düşmüşdü. 2012-ci ildə 19.5sent/ha, 2013-cü ildə 19.3 sent/ha, 2014-cü ildə isə 17.9 sent/ha olmuşdu. Pambıq istehsalı, onun artım və ya azalması da yuxarıda göstərilən rəqəmlərlə birbaşa əlaqəlidir. Belə ki, 2011-ci ildə 66406 ton, 2012-ci ildə 56957 ton, 2013-ci ildə 45155 ton, 2014-cü ildə 40970 ton 2015-ci ildə isə 35 min ton qeydə alınıb.

Təbii ki, ölkə Prezidentinin bu sahəyə qayğısı da gözlənilən idi. Göz-görə görə bu sahənin belə gedişlə 2020-ci ilə qədər 5-10 min tona qədər düşmə ehtimalı yaranırdı. Bu sahədə istehsalın artırılması qeyri neft sektorunun inkişafına, o cümlədən ölkəyə əlavə valyutanın gəlməsinə səbəb olacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, pambıq istehsalının artımı toxuculuq və yüngül sənayenin inkişafına təkan verəcək: "Pambıqçılıq Azərbaycanda əvvəldən də uğurlu bir tarixə malikdir. Pambıq istehsalına görə Azərbaycan keçmiş sovet respublikaları arasında ikinci yeri tuturdu. Bu sahənin inkişafı arxasınca bir çox digər sahələri də aparmaq iqtidarındadır. Yəni pambığı həm də xammal kimi xaricə satmaq mümkündür ki, bu da əlavə valyuta gətirir.

Hazırda dünya bazarında bir ton keyfiyyətli pambığın qiyməti 1600-1700 dollar arasında dəyişir. Bu isə həmin sahənin inkişafı və xaricə ixracı fonunda ölkəyə xeyli miqdarda əlavə valyutanın daxil olması anlamına gəlir. Yerli istehsalı təmin edərək, ipliklər və parçalar toxuyaraq toxuculuq, yüngül sənayesinin inkişafına nail olmaq olar. Bunun arxasınca digər sahələr də canlana bilər. Bütün bunlar pambıqçılığın strateji sahə olmasından irəli gəlir. Təəssüf ki, müstəqillik illərində bu sahəyə diqqətin azalması ilə istehsal xeyli dərəcədə aşağı düşdü. Müstəqilliyin ilk illərində ölkədə 500 min tona qədər pambıq istehsal edilmişdisə, son illər 10 dəfədən də çox azalaraq 40 min tonadək düşdü. Lakin Prezidentin verdiyi son qərarla ümid var ki, bu sahədə ciddi irəliləyiş və dönüş olacaq. Nəticədə yüngül sənayenin bir çox sahələri də inkişaf edə bilər. İpəkçilik, parçanın toxunması və hazır məhsul istehsalına qədər bir çox sahələrdə belə olan halda canlanmanın baş verəcəyini görə bilərik".