Xarici ticarətdə manat dolları əvəzləyəcək?!

13 Aprel 2016 09:45 (UTC+04:00)

Türkiyə və İran arasında ticarət dövriyəsinin üçdə bir hissəsi bundan sonra milli valyutalarla, yəni türk lirəsi və İran rialı ilə gerçəkləşdiriləcək. Türkiyənin İnkişaf naziri Cevdet Yılmaz bildirib ki, ikitərəfli ticarətin ABŞ dolları ilə deyil, yerli pullarla aparılması valyuta mübadiləsi ilə bağlı ticarət xərclərinin azalmasına kömək olacaq.

Qeyd edək ki, hər iki ölkə tərəfindən Azərbaycana da oxşar təkliflər olub. Azərbaycan ilə xarici ticarətdə milli valyutadan istifadə edilməsi məsələsində Rusiyanın da təşəbbüsləri var.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, xarici ticarətdə milli valyutadan istifadə halları olsa da, bu, ənənəvi hal deyil: "Azərbaycanla İran və ya Azərbaycanla Türkiyə arasında milli valyutadan istifadə ehtimalını da yüksək dəyərləndirmək olmaz. Düzdür, bu, strateji olaraq mümkündür. Amma nəzərə alaq ki, Azərbaycan, Türkiyə və İranın valyutaya ehtiyacı var. Eyni zamanda region valyutaları tam stabil olmadığı üçün dollardan istifadənin saxlanacağı ehtimalı daha yüksəkdir. Bu fonda xarici ticarətdə dollardan istifadə ənənəsi formalaşıb. İş adamlarının dollardan daha asan istifadə etmələri mümkündür. Ancaq gələcəkdə həm ölkələrin valyutaya olan ehtiyatları ödənilərsə, həm də ölkələrdə valyuta qıtlığı olmazsa, eyni zamanda region valyutalarının stabilləşməsi baş verərsə, ölkələr öz milli valyutalarından istifadə etməklə xarici ticarət əlaqələrini qura bilərlər. Bunun qısa zamanda reallaşması çətindir. Ancaq strateji olaraq mümkündür".


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, bu tipli təkliflər zaman-zaman müxtəlif ölkələr tərəfindən çox səslənib: "Məsələn, Rusiya, İran bu işdə daha çox təşəbbüskarlıq göstərib. İndi də Türkiyə ilə İran razılıq əldə etdilər. Onlar bu vaxta qədər xarici ticarət dövriyyələrini dollar ilə aparırdılar. Yəqin ki, artıq ticari əməliyyatların milli valyuta ilə aparılması məsələsində razılığa gəliblər.

Azərabycana da oxşar təkliflər olunur. Amma biz bu məsələdə hazırki vəziyyətdə bir qədər ehtiyatlı olmalıyıq. Çünki, bu gün ölkəyə dollar axını azalıb. Bu da neftin qiymətinin kəskin azalması ilə bağlıdır. Nəzərə alaq ki, hazırda neft dollarlarını kompensasiya edəcək qədər qeyri-neft sektorumuz yoxdur. Yəni, indiki halda ölkəyə məhdud həcmdə dollar daxil olur. Həmçinin qeyri-neft ixracının az olduğu zamanda üçüncü bir ölkənin valyutasından istifadə etməyimiz uğurlu variant deyil. Bəlkə neftin yüksək qiymətə olduğu zamanda da bu barədə düşünmək olardı. Ancaq indiki zamanda bu, əlverişli görünmür".