Türkiyə Ermənistanla sərhədləri açmayacaq

5 Dekabr 2012 06:55 (UTC+04:00)

"Türkiyənin Ermənistanla sərhədlərini qapalı saxlamasına səbəb Ermənistanın təcavüzkar siyasətini davam etdirməsidir". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Ermənistan prezidenti Serj Sarkisyanın "Avropadakı sərhədlər bölüşdürücü xətlər kimi bölünməməlidir" fikrinə münasibət bildirərkən deyib.

"S.Sarkisyanın bəyanatları absurddur. Əgər Ermənistan sərhədlərinin bölüşdürücü xətt kimi olmasını istəmirsə, işğalçılıq siyasətinə son qoymalı, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməlidir. Əgər bu sərhədlər bölüşdürücü xəttlər olmasaydı, dünya ölkələrinin sərhədləri deyilən bir fikir də olmaz, bu sərhədləri toxunulmaz edən beynəlxalq hüquq normalarına da ehtiyac qalmazdı. Buna görə də onun söylədiklərində heç bir məna yoxdur. Ümumiyyətlə, S.Sarkisyan yuxuda gördüklərini bəyanat kimi söyləməyə öyrəşmiş siyasətçidir".