İslam ölkələri ilk Gənclik Zirvə Sammiti İstanbulda öz işinə başladı

13 Aprel 2016 13:20 (UTC+04:00)

10-15 aprel tarixlərində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət rəhbərlərinin sammiti olan növbəti zirvə toplantısı keçirilir.


İslam Konfransı Gənclər Forumunun Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumatına görə, ilk dəfə olaraq bu il Zirvə toplantısında gənclər siyasəti ilə bağlı bağlı yenilik edildi.


İƏT Zirvə Toplantısı 3 ildən bir olmaqla keçirilir və İƏT dövlətlərinin növbəti dövr üçün əməkdaşlıqlarının strategiyasını müəyyən edir.


Zirvə toplantısı çərçivəsində adətən ilk gün Yüksək Məmurlar toplantısı, sonrakı gün Xarici İşlər nazirləri Sammiti, yekunda isə dövlət rəhbərlərinin zirvə toplantısı həyata keçirilir.


Bu il isə İƏT tarixində ilk dəfə olaraq zirvə toplantısı çərçivəsində İƏT Gənclər Sammiti də həyata keçirilir. İslam Konfansı Gənclər Forumunun (İKGF) təşəbbüsü və Türkiyə hökumətinin dəstəyi ilə "İnkişaf, Sülh və Ədalət uğrunda Əməkdaşlıq" şüarı altında keçirilın bu ilk İƏT Gənclər Sammitinin açılış mərasimi dünən İstanbulda baş tutub.


Ümumilikdə 200-ə yaxın müsəlman gənc liderin iştirak etdiyi sammitin açılış mərasimində DƏ-İKGF-nin sədri Elşad İskəndərov, Türkiyənin Gənclər və İdman Naziri Akif Çağatay Kılıç, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Sülh üzrə Nobel mükafatı laureatı almış Təvəkkül Karman təbrik nitqi ilə çıxış etmiş, İƏT-in baş katibi İyad Mədəninin və İstanbul Böyükşəhər Bələdiyyəsinin Başçısı Kadir Topbaşın nümayəndələri isə onların tədbirə ünvanlanmış müraciətlərini oxuyublar.


İƏT Gənclik Nazirlərinin sözügedən sammit çərçivəsində ayrıca keçirilən işçi qrupunda hökumətlərin İƏT məkanında həyata keçirdikləri gənclik siyasəti üzrə müzakirələr aparılıb.


Gənc müsəlman liderlərin sammitdə qəbul edəcəyi təkliflər, növbəti gün öz işinə başlayacaq İƏT Zirvə Toplantısı iştirakşılarına təqdim ediləcək.


Tədbirdə həmçinin İKGF tərəfindən İƏT arealı üçün ilk dəfə hazırlanan "Müsəlman Gənclərin Vəziyyəti" adlı illik hesabatın ilk nümunəsinin, İKGF tərəfindən layihəsi hazırlanan Mövlanə Beynəlxalq Tələbə Mübadiləsi Proqramı və İbn Bətutta Beynəlxalq Gənclik Proqramının təqdimatı, həmçinin, Şimali Afrika və Orta Şərqdə İƏT-ə üzv ölkələrin gənclər hərəkatlarını aktivləşdirəcək Milli Gənclər Şuralarının yaradılması təşəbbüsünün təşviq ediləcəyi gözlənilir.


Tədbirin ikinci günü dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sülh və miqrantların haqları uğrunda, İslamofobiya və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində xüsusi fəaliyyəti ilə seçilmiş 10 müsəlman gəncə İKGF-nin 2014-cü ildə 2-ci qurultayında qəbul edilmiş "10 ildə 10 hədəf" adlı İstanbul Gənclər Bəyannaməsinin bəndlərinə uyğun "Dünyanı dəyişdirə biləcək 10 müsəlman gənc" beynəlxalq mükafatları təqdim ediləcək.