İŞİD "Allahın darvazaları"nı məhv etdi

13 Aprel 2016 16:30 (UTC+04:00)

"İslam dövləti" (İŞİD) terror qruplaşmasının döyüşçüləri nəzarət etdikləri ərazilərdə tarixi abidələri məhv etməkdə davam edirlər.


Movqe.az publika.az-a istinadən bildirir ki, İŞİD İraqın Mosul şəhərində "Allahın darvazaları" adlanan qədim abidəni dağıdıb.

 

Abidənin iki min ildən çox yaşının olduğu bildirilir. "Allahın darvazaları" qədim Assuriya dövlətinin Nineva şəhərinə bir neçə girişdən biri idi. Şahidlər bildirirlər ki, döyüşçülər abidəni hərbi texnikanın köməyi ilə məhv ediblər.

 

İraqın öyrənilməsi üzrə Britaniya İnstitutundakı mənbə nəşrə bildirib ki, İŞİD-in döyüşçüləri həmçinin şəhərin ətrafındakı divarı sökərək onun daşlarını satıblar.

 

İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildə İŞİD tərəfindən tutulub. Terror qruplaşması şəhərdəki qədim abidələrinin əksəriyyətini məhv edib. Qədim Assuriya şəhəri olan Nimrud, demək olar ki, yerlə bərabərləşdirilib. 2015-ci ilin fevralında Mosul muzeyinin eksponatları, həmçinin məşhur qanadlı öküz heykəli məhv edilib.

 

Təxminən eyni zamanda Mosul kitabxanası qarət edilib. Kitabxanadakı 100 mindən çox qədim kitab və əlyazmanın hamısı yandırılıb.