Əli Kərimli İsa Qəmbərə qarşı növbəti gedişini edir

5 Dekabr 2012 10:37 (UTC+04:00)

Tofiq Yaqublu: "Vahid namizəd məsələsində razılıq əldə olunmasa, məsələnin çözülməsi üçün praymerizə gedilməsi də mümkün variantlardandır"

Kamil Seyidov: "Müxalifətin prezident seçkilərinə hansı formada gedib-getməməsindən asılı olmayaraq prosesin qalibi yenə də hazırkı iqtidar olacaq"

Müxalifətin bir hissəsinin cəmləşdiyi İctimai Palatada prezidentliyə namizədlik məsələsi ətrafında müzakirələr deyəsən artıq kuliminasiya nöqtəsinə çatmaqdadır. Belə ki, bu günlərdə AXCP sədri Əli Kərimli mətbuata açıqlamasında müxalifətin prezidentliyə vahid namizədinin müəyyənləşməsilə bağlı təkliflərini açıqlayıb. O, bu istiqamətdə ən azı funksional birliyin yaradılmalı olduğunu bildirib.

Buna əsasən Əli Kərimli müxalifətin vahid namizədini müəyyənləşdirmək üçün praymerizə getməyin vacib olduğunu dilə gətirib. Onun zənnincə, müxalifət çoxlu namizədlə seçkiyə getdiyi təqdirdə qüvvələr parçalanacaq. Ona görə də vahid namizəd müəyyənləşməlidir. Onu müəyyənləşdirməyin ən yaxşı yolu isə AXCP sədrinin fikrincə, praymerizə getməkdir. Bu yolla o düşünür ki, müxalifətin prezidentliyə vahid namizədini müəyyənləşdirmək mümkün olacaq. Qeyd edək ki, buna qədər Müsavat başqanı İsa Qəmbər dəfələrlə namizədliyini verəcəyini bəyan edib. AXCP sədri indii praymeriz məsələsini ortaya atmaqla faktiki İsa Qəmbərə qarşı gediş edir və onun namizədliyində maraqlı olmadığını meydana qoyur. Bunu isə İsa Qəmbər çətin Əli Kərimliyə bağışlasın. Bu səbəbdən tərəflər ararsında ziddiyyətin daha da dərinləşməsi gözlənir. Beləliklə, praymerizlə bağlı Əli Kərimlinin təklifində başlıca məqam odur ki, bununla o, özünün başlıca rəqibi olan Müsavat Partiyası başqanı İsa Qəmbəri fakt qarşısında qoymaq istəyir.  Görünür, Əli Kərimli praymeriz yolu ilə həmin rəqibinə qalib gələcəyinə əmindir ki, məhz bu yola üstünlük verdiyini diqqətə çatdırır. Əks təqdirdə, o və ya digər bir başqası heç bir halda praymeriz fikrini ilkin olaraq gündəmə gətirməzdi.

Görəsən, AXCP-nin vahid namizəd məsələsində əsas rəqibi olan Müsavat necə praymerizə razıdırmı? Əli Kərimlinin praymeriz təklifi İsa Qəmbərə hörmətsizlik deyilmi?

Müsavat başqanının müavini Tofiq Yaqublu da ümumən götürəndə praymerizin olmasını məqbul saydı: "Müxalifətin vahid namizədinin müəyyənləşməsi üçün praymerizin keçirilməsi yaxşı haldır. Tərəflər arasında adətən razılıq olmayanda bir çox hallarda məsələni prymeriz yolu ilə həll edirlər. Müsavat Partiyası da vaxtilə parlament seçkilərində proporsional seçki üzrə namizədlərini məhz partiya daxilində keçirilən praymeriz yolu ilə həll etmişdi. Yəni bu mənada bizim təcrübəmiz də var. Ona görə də vahid namizəd məsələsində razılıq əldə olunmasa, məsələnin çözülməsi üçün praymerizə gedilməsi də mümkün variantlardandır və partiyamız bunu çıxış yollarından biri sayır".

AXCP sədrinin praymeriz təklifinin Müsavat başqanına hörmətsizlik olub-olmadığına gəldikdə Tofiq Yaqublu hər bir kəsin müxtəlif məsələlər barədə müxtəlif fikirlər və təkliflər irəli sürmək hüququnun olduğunu dedi: "Hamı öz fikrində sərbəstdir. Amma bütün hallarda partiyanın qərarı onun ali orqanlarında veriləcək və təşkilatımız ona əsasən də hərəkət edəcəkdir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə qeyd etdi ki, praymeriz məsələsi müxalifət daxili ziddiyyətləri əslində daha da gərginləşdirəcək: "Dəfələrlə qeyd etmişik ki, AXCP ilə Müsavat Partiyasının birlik koalisiyası əslində üzdə olandır. Dərinlikdə isə onlar arasında qarşıdurma mövcuddur ki, prezident seçkiləri yaxınlaşdıqca onlar arasındakı qarşıdurma daha da şiddətlənəcək. Adətən prezident seçkiləri yaxınlaşdıqca müxalifət daxilində qarşıdurmalar pik həddinə çatır. Parlament seçkiləri ərəfəsində də hər bir dairə üzrə namizədlərin müəyyən edilməsi zamanı AXCP praymeriz təklifilə çıxış etmişdi. Yekun nəticədə isə onların hansı uğura imza atdığı hamıya bəlli oldu. Bu gün vahid namizəd məsələsi müxalifətin ən böyük problemidir. Burada toplaşan insanlar bir-birilə mehriban düşmən qismində hərəkət edirlər. Vaxtilə onlar bir hərəkatda olub, xalq cəbhəsindən çıxıblar. Amma öz şəxsi ambissiyaları üzündən onlar çoxsaylı partiyalara bölünərək hazırda sosial cəhətdən tam şəkildə zəifləmiş bir duruma düşüblər. Əli Kərimlidən soruşmaq gərəkdir ki, o heç 50 min imza toplaya biləcəkmi? Onların heç bu qədər üzvləri belə yoxdur. Ona görə də 50 min imza məsələsini ortaya atmaqla əslində cəmiyyətə guya bu qədər üzvlərinin olduğu mesajını vermək istəyirlər. AXCP və Müsavatın əvvəlki fəaliyyətinə diqqət yetirsək, onların fəaliyyətinin anti-demokratik prinsiplərə söykəndiyini də görmək olar. Dəfələrlə prezident seçkiləri ərfəsində bu insanlar arasında çox antoqonist ziddiyyətlər yaranıb yekun olaraq da seçkiləri boykot qərarı veriblər. İnanmıram ki, praymerizlə olsa belə müxalifət daxilində vahid namizədin müəyyənləşməsi fikri öz həllini tapsın. Daxildəki ziddiyyətlər onlara bu məsələdə də vahid rəyə gəlməyə imkan verməyəcək. Yekun nəticədə müxalifət daxilində qarşıdurma baş verəcək və hər bir müxalif partiya seçkilərə öz namizədilə qoşulacaq. Bütün hallarda müxalifətin prezident seçkilərinə hansı formada gedib-getməməsindən asılı olmayaraq prosesin qalibi yenə də hazırkı iqtidar olacaq. Çünki xalq indiki iqtidarın tərəfindədir".

Həsən İSLAMOV