Bu doğum evi beşulduzlu otel kimidir - FOTO

13 Aprel 2016 17:00 (UTC+04:00)

Londondakı "The Portland Hospital" dünyanın ən bahalı, ən lüks doğum evi sayılır. Servis səviyyəsi baxımından beşulduzlu oteldən geri qalmayan bu doğum evində pasiyent xanımlara bahalı şampan şərabları, məşhur restoranların menyularından yeməklər təklif olunur. Palatalar isə superlüks otel otaqlarını xatırladır.


Movqe.az Daily Mail-ə istinadən bildirir ki, "The Portland Hospital" Britaniyanın zənginləri arasında çox populyardır. Doğum evinin pasiyentləri arasında Viktoriya Bekhem, Culs Oliver, Cemayma Qoldmsit, York hersoginyası və başqaları olub.


Hospital ildə 1600 pasiyentə xidmət üçün nəzərdə tutulub. Buradakı 36 süperlüks, dəbdəbəli, ən müasir texnika və bahalı mebellə təmin olunmuş palataların ən ucuzunun qiyməti sutkada 1200 funt-sterlinq, yəni 1770 dollardır.


Müqayisə üçün deyək ki, dünyanın ən bahalı otellərindən biri, Londondakı "Ritz" otelində superlüks nömrənin sutkalıq qiyməti 900 funt-sterlinqdir.


Ən bahalı palatanın dəyəri isə sutkada 1800 funt-sterlinqdir. Hər palatanın qonaq və "Molton Brown" şirkətinin istehsalı olan avadanlıqla təmin edilmiş vanna otaqları var.


Palatalara 24 saat xidmət göstərilir və hər palatada üç əlavə çarpayı da var.

"The Portland Hospital"da doğuşa yollanan xanım ən azı 10 min funt-sterlinq hazırlamalıdır.

Qiymətlərə gəldikdə isə, hospitalın baş direktoru Janen Meddenin dediyinə görə, epidural müayinə 995 funt, induksiya - 630 funt, ilkin baxış - 138 funt, qeysər kəsimi əməliyyatı 20 min funtdur.


Medden onu da söyləyib ki, bəzi pasiyentlər burada 500 min funt-sterlinq xərcləyirlər.

"Müştərilərimiz arasında Səudiyyə Ərəbistanından şahzadə xanım da vardı. O, burada oğlunu dünyaya gətirdi. Həmin xanım 4 lüks palata sifariş etmişdi. Bir palata özü üçün, bir palata uşağı üçün, bir palata ailəsi üçün, bir palata da yanına gələn şəxslər üçün", - Janen Medden söyləyib.