BDU-nun kafedra müdiri Fransanın "Akademik Palma" ordeni ilə təltif edilib (FOTO)

13 Aprel 2016 15:20 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva Fransız dili və Frankofoniya Həftəsi çərçivəsində təşkil edilən tədbirdə Fransanın "Akademik Palma" (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib.


Universitetin Mətbuat və informasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, E.Fərəcullayeva Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.


BDU-nun kafedra müdiri ilə yanaşı, daha dörd nəfər təhsil işçisinə mükafatı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez təqdim edib.


Tədbirdə Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu münasibətlə dosent E.Fərəcullayevanı təbrik edib, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb.