ADNSU-nun məktəblilərlə görüşləri

13 Aprel 2016 19:00 (UTC+04:00)

Aprel ayının ilk günlərindən başlayaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlının təşəbbüsü ilə paytaxtın müxtəlif rayonlarında yerləşən orta ümumtəhsil məktəblərinə və liseylərə səfərlər təşkil olunur. Universitet rəhbərliyinin, başda rektor Mustafa Babanlının, prorektor və dekanların, tələbələrin iştirakı ilə baş tutan səfərləri ADNSU-nun orta məktəblərdə və liseylərdə təbliğatının aparılması, tanıdılması layihəsi çərçivəsində gerçəkləşir. Universitet nümayəndələrinin şagirdlərlə keçirdiyi görüşlər gələcəyin tələbələri ilə universitet arasında qırılmaz bağların, əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət edir. Şagirdlərin universitetlə, universitetin orta məktəblərlə tanışlığı prosesi yüksək səviyyədə həyata keçirilir. Universitet nümayəndələrinin ayrı-ayrı orta məktəblərdə və liseylərdə keçirdiyi görüşlər, gələcəkdə tələbə olmağı qarşısına məqsəd qoymuş yeniyetmələrin xatirəsində xoş izlər buraxır. Bu görüşlər universitetlə yaxından tanış olan şagirdlərə gələcəkdə öz seçimlərini etmələri üçün geniş imkanlar yaratmış olur. Qeyd edək ki, layihə çərçivəsində unversitet rəhbərliyi Yasamal rayonunda yerləşən 18 saylı, Nəsimi rayonunda yerləşən 42 saylı, Binəqədi rayonunda yerləşən 83, 151, Heydər Əliyev adına Lisey və sair məktəblərdə görüşlər keçirib, şagirdləri universitetlə tanış ediblər.