Sürüşmə yenə ciddi problemə çevrilir

5 Dekabr 2012 14:53 (UTC+04:00)

Telman Zeynalov: "Sürüşmə məsələsi demək olar ki, bütün ərazilər üçün aktualdır"

Bu günlərdə Badamdarda 20-ci sahə deyilən ərazidə baş verən sürüşmə yenidən diqqəti bu təbii olayın yaratdığı problemə yönəldib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi Bəxtiyar Qaralov sürüşmənin səbəbinin ərazidə yeni tikilən evlərin kanalizasiya suyunun yamaca axıdılması ilə əlaqələndirib.

O, ərazidə sürüşmədən sonra vəziyyətin gərgin qaldığını da deyib. Onun nəzərincə, sürüşmə davam edərsə və lazımi tədbir görülməzsə, yolun bağlanması təhlükəsi də yarana bilər.

Bəxtiyar Qaralov məsələ ilə bağlı dekabrın 4-də verdiyi açıqlamada deyib: "Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolunun sağ tərəfində - "Bəyoğlu" restoranının qarşısındakı ərazidə dekabrın 1-də baş vermiş sürüşmə sahəsində aktivləşmə var".

Onun sözlərinə görə, ərazidə gərginlik davam edir, lakin stabillik yaranmadığından hələ hər hansı tədbirin görülməsi vacib hesab olunmur.

Ekspedisiya rəisi deyib ki, sürüşmə aktivləşərsə və yola doğru hərəkət edərsə belə, bu, yolun sıradan çıxması üçün heç bir təhlükə yaratmır.

"Sürüşmə zonasından yuxarı olan evlər üçün elə bir təhlükə yoxdur. Əsasən, oradakı hasarlar üçün təhlükə gözlənilir. Belə ki, evlər dayanıqlı süxurlar üzərində inşa edilib, yamac isə dayanıqsız və sukeçirici süxurlardandır. Ona görə də süxurlar nəmləndiyindən öz dayanıqlığını itirib. Yamac həddindən artıq sərt, dik yamacdır. Bu da sürüşməyə meyllilik yaradır", - Qaralov əlavə edib.

Onu da qeyd edək ki, kanalizasiya suları məsələsi əslində paytaxtın bir çox digər əraziləri üçün də təhlükə mənbəyidir. Şəhərdə bir çox digər yerlər də var ki, kanalizasiya suyu normal məcradan kənar ərazilərə axaraq torpağın altına çökür. Belədə tədricən həmin torpağın sürüşməyə meylli olmasına gətirib çıxarır. Görəsən, Badamdardakı hadisə yalnız kanalizasiya suları ilə bağlı olub? Belədirsə, niyə əvvəlcədən tədbir görülməyib? 

Ekoloq Telman Zeynalov bildirdi ki, Badamdarda sürüşmənin baş verməsi hadisəsi ola bilsin kanalizasiya qovşaqlarının köhnə olması ilə bağlıdır: "Bu ərazidə həmçinin tikinti işləri də gedir, Ona görə tikinti də torpağın zədələnməsinə müəyyən dərəcədə təsir göstərə bilərdi. Nəticədə sızma nəticəsində bütün ərazi sürüşməyə meylli olur. Yay vaxtlarında havalar isti keçir. Qışda isə azca yağış yağan kimi sürüşmə təhlükəsi yaranır. Həmin su kütləsi torpağın ağır gil qatına çatan kimi üstdəki bütün ağırlıqlar onun üzərinə düşür, sonda da sürüşmə təhlükəsi yaranır. Ona görə də deməzdim ki, Badamdardakı sürüşmənin səbəbi əsasən kanalizasiya suları ilə bağlı olub. Burada yağıntının da rolu olub. Son dövrlər, oktyabr ayında Bakıda xeyli yağış yağıb. Həmin yağışın sızılmasına qədər hardasa 15-20 gün keçir, sonra su ağır gil qatına çatır. Burada şişmə baş verir, sürüşmə şəraiti yaranır. Belədə də sürüşmə yağış yağandan bir müddət sonra özünü göstərir. Belə sürüşmə təhlükələrinin qarşısını almaq üçün ərazidə ağaclar əkilməli, yaşıllıqlar salınmalıdır. Çünki yaşıllıqlar suyun həddən çox süzülməsinə imkan vermir. Ağacın kökləri suyu çəkərək özündə saxlayır. Bu halda sürüşmənin qarşısının alınması ilə yanaşı hava da təmizlənir, oksigen yaradır. Qeyd edim ki, sürüşmə məsələsi demək olar ki, bütün ərazilər üçün aktualdır. 2009-cu ildə prezidentin sərəncamı ilə ağacların qırılmasına qəti olaraq qadağa qoyuldu. Amma bu prosesə tam son qoyulduğunu demək olmaz. Elə dağlar var ki, kənarında yol tikilən kimi ətrafında 50-60 metr dərinliyə nəhəng bir suvay vurub sonra betonlayırlar ki, torpağın sürüşməsinin qarşısı alınsın. Amma su elə bir mayedir ki, uzun müddət axmaqla dəmiri də deşə bilər. Bu günlərdə Yaponiyadakı 4 kilometrlik yeraltı keçid də məhz güclü yağışlar nəticəsində çökdü. Bütün bunların səbəbi düşünürəm ki, neytroloji silahlardan istifadə olunması ilə bağlıdır".

Rüfət NADİROĞLU