Rusiya XİN rəhbərinin sabiq müavini: “Qarabağ münaqişəsinin ilk vaxtlarında Rusiya Azərbaycanın maraqlarını nəzərə almayıb”

13 Aprel 2016 18:10 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsinin baş qaldırdığı ilk vaxtlarda Rusiya səhvə yol verib, Azərbaycanın maraqlarını nəzərə almayaraq faktiki olaraq Ermənistanın tərəfində olub".

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya sabiq xarici işlər nazirinin müavini, "Siyasi araşdırmalar mərkəzi"nin direktoru olan Andrey Fyodorov "moscow-baku.ru" portalına müsahibəsində deyib.

 

Həmin vaxtlarda Rusiya baş nazirinin məsləhətçisi vəzifəsində çalışdığını deyən A. Fedorov bildirib ki, o illərdə erməni lobbisi güclü fəaliyyət göstərib: "Mən erməni lobbisinin bizim hökumətə, XİN-ə, hakimiyyət orqanlarımıza necə təsir etdiyini çox yaxşı xatırlayıram. Bu faktor da münaqişənin həlli prosesini donduran əsas səbəblərdən idi".

 

Ekspert qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr yalnız dünya ictimaiyyətinin vahid mövqe sərgiləyəcəyi təqdirdə icra oluna bilər: "Hər dəfə Minsk qrupuna müraciət etmək olmaz, çünki Minsk qrupu məsləhətləşmə platformasından başqa bir şey deyil. Minsk qrupu öz əsas vəzifəsini - münaqişənin həlli mexanizmini formalaşdırmır. Əgər mexanizm yoxdursa, onda bütün qərarlar sözdə qalır və həll yollarının tapılması ilə bağlı müzakirələrin sonu olmur".

 

A. Fyodorov hesab edir ki, Rusiya münaqişənin həllində xüsusi rol oynamalıdır. "İrəli sürdüyüm varianta əsasən, Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli qrup yaradılmalıdır. Düşünürəm ki, belə qrupun Minsk qrupu ilə paralel mövcudluğu mümkündür", - deyə o əlavə edib.