Saxta xəz geyimləri problemi yenidən aktuallaşır
5 Dekabr 2012 16:35 (UTC+04:00)
Havaların soyuması ilə xəz geyimləriən olan tələbat da xeyli artıb.
Bu səbəbdəndir ki, az qala hər gün xəz-dəri qalereyalarının
reklamını görürük. Azərbaycan xanımlar da ki, gözəllik, yenilik
aşiqidir. Harada təzə, dəbli, zövqlü bir şey varsa, onu tez əldə
etməyə çalışırlar. Lakin bu zaman süni, saxta xəz geyimləri
orijinal adı ilə birə on baha qiymətə satılır.
Bəs görəsən, bunlara qarşı hansı tədbirlər görülə bilər?
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas
Əliyev məsələ ilə bağlı Mövqe. Az-a açıqlamasında aşağıdakıları
bildirib: "İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti
Və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak
bazarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir. Bu
tədbirlər bir çox sahəni əhatə eləyir. Saxta xəz geyimləri ilə
bağlı dövlət xidmətinə hər hansı bir müraciət daxil olmayıb. Biz
monitorinqlər aparmışıq. Apardığımız monitorinqlər zamanı bu cür
hallar ilə qarşılaşmamışıq. Əgər bu məsələ ilə əlaqədar istehlakçı
müraciəti daxil olarsa, İqtisadi İnkişaf Nazirliyi həmin müraciəti
araşdırmağa və belə hal qeydə alınarsa, müvafiq tədbirlər görməyə
hazırdır".
Azad İstehlakçılar Birliyinin eksperti Fərrux Əsgərov da məsələ ilə
bağlı Mövqe. Az-a açıqlama verib: "Saxta xəz geyimi ilə bağlı
tendensiya indi də davam etməkdədir. Çin Xalq Respublikasından
idxal olunan malların əksəriyyətinin birinci görünüşdən
keyfiyyətsiz olduğu görünür. Ancaq bir çox malların üzərində başqa
ölkələrin emblemi yapışdırılır. Bir çox Çin mallarının üzərində
türk, italyan mallarının emblemləri olur. Belə olduqda
istehlakçılar orijinal malı aşkarlamaqda çətinlik çəkirlər. Mal
alarkən vətəndaş diqqətli olarsa, saxta malı əslindən ayırd edə
bilər.
Hal-hazırda şəhərin bir çox ticarət obyektlərində bu tendensiya
davam etməkdədir. Bunlara qarşı tədbir görmək bir qədər çətin
məsələdir. Çünki, təkcə Azərbaycanda yox, dünyanın demək olar ki,
əksər ölkələrində Çin istehsalı olan malların satışı həyata
keçirilir. Belə halların qarşısını almaqdan ötrü hansısa bir
tədbirin görülməsini müşahidə etməmişəm. Ölkəyə gətirilən mallar
ekspertizadan keçirilməlidir. Saxta malların insan orqanizmi üçün
göstərə biləcəyi mənfi təsirlər aşkarlanmalıdır. Mən düşünürəm ki,
belə halların qarşısını yalnız qanunlarda müəyyən dəyişikliklər
aparmaqla az da olsa almaq olar."