JEK-lərin topladıqları vergi ilə bağlı maraqlı məqamlar üzə çıxır
5 Dekabr 2012 17:07 (UTC+04:00)
Azərbaycan
qanunvericiliyinə əsasən əmlak vergiləri bələdiyələr tərəfindən
yığılır. Əmlak vergisi ilə yanaşı Azərbaycanda Mənzil İstismar
Sahələri (JEK) tərəfindən ev pullarının yığılması faktlarına da
rast gəlinir.
Bəs gəlin baxaq görək əslində, bu məsələ necə tənzimlənməlidir?
Ümumiyyətlə həm əmlak vergisi, həm də ev pullarının yığılması
doğrudurmu?
Vergilər Nazirliyi Makroiqtisadi diaqnostika və iqtisadi icmal
şöbəsinin rəisi Yunus Quliyev məsələ ilə əlaqədar Mövqe. Az-a
açıqlamasında aşağıdakıları qeyd edib: "JEK-lər tərəfindən toplanan
pullar kommunal xərclərə görə verilir. Bu, vergi deyil. Əmlak
vergisi isə Vergi Məcəlləsi tərəfindən təyin edilən vergidir. Əmlak
vergisi mütləq alınmalıdır. Kimin ki, mülkiyyətində mənzili var,
onlardan Vergi Məcəlləsində müəyyən edilmiş qaydada vergi
alınmalıdır. Lakin JEK tərəfindən toplanan mənzil haqları isə
mənzilin ümumi xərclərinə, yəni binanın təmiri, zibilin, məişət
tullantılarının daşınması ilə bağlıdır, bunlar hamısı komunal
xidmətlərə görə alınır. Hər bir JEK Tarif Şurası tərəfindən müəyyən
edilmiş tariflər əsasında bunlara görə əhalidən müəyyən xidmət
haqları alır. O da mütləq alınmalıdır."
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir
Əliyev də məsələ ilə əlaqədar Mövqe. Az saytına açıqlama verib:
"Əslində, Azərbaycanda mənzil idarəçiliyi Mənzil Məcəlləsi ilə
tənzimlənir. Mənzil Məcəlləsi Azərbaycanda 2009-cu ildə qəbul
edilib. 2009-a qədər 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi
vasitəsi ilə ev təsərrüfatçılığı tənzimlənirdi. Həmin məcəllə
əsasında dövlət və ictimai mənzil fondlarının idarəçiliyi Mənzil
İstismar Sahələrinə verilmişdi. Biz el arasında buna JEK deyirik.
Həmin məcəllə ilə onların fəaliyəti tənzimlənirdi. 2009-cu ildə
yeni məcəllə qəbul edildi. Yeni məcəllədə artıq çoxmərtəbəli
mənzillərin idarə edilməsinin 3 üsulu göstərildi. Bu 3 üsulun heç
birində JEK-lər nəzərdə tutulmayıb. Bu o deməkdir ki, bu gün
JEK-lərin fəaliyyəti faktiki olaraq qanunsuzdur. Azərbaycan
qanunvericiliyi ilə tənzimlənmir. Bu gün JEK-lərin statusunda
qeyri-müəyyənlik var. Ona görə də bu məsələyə aydınlıq
gətirilməlidir. O ki, qaldı JEK-lərin pul yığmasına, bunun özü
artıq 2-ci qanunsuzluqdur. Nəyə görə? Çünki Azərbaycanda vergi
əsasən dövlət və yerli vergilərdən ibarətdir. Dövlət vergiləri
Vergilər Nazirliyi tərəfindən, yerli vergilər isə bələdiyyələr
tərəfindən yığılır. Bu Azərbaycan qanunvericiliyi, o cümlədən Vergi
Məcəlləsi ilə tənzimlənir. Orda nəzərdə tutulur ki, başqa bir
qurumun vergi yığımında iştirakı birbaşa qanunsuzluqdur. Vergini
ancaq bələdiyyə yığmalıdır. İndi bələdiyyələr bu və ya digər
səbəbdən vergiləri yığa bilmədikdə, bu işi JEK-lərə tapşırırlar.
JEK-lərlə bağlanmış müqavilə əsasında JEK-lər bu vergini yığırdı və
yığılan verginin bir hissəsi JEK-ə qalırdı. Bunun nəticəsidir ki,
ötən il əmlak vergisinin yığımında kifayət qədər artım oldu. Bu
artım daha çox Bakı və Bakıətrafı ərazilərin payına düşdü.
Göründüyü kimi burda həm JEK-lərin statusu sual altındadır, həm də
başqa bir qurumun səlahiyyətinə müdaxilə etməklə o ikinci bir
qanunu pozur. Əmlak vergisi yerli vergi olduğu üçün bələdiyyələr
tərəfindən yığılmalıdır. Nazirlər Kabinetinin 2000-ci il tarixli
qərarı var. Həmin qərara əsasən özəl mənzilin hər kvadrat metrinə
görə 1.5 qəpik mənzil haqqı verilməlidir. Bu pul da JEK-lərə
yığılıb verilir. Göründüyü kimi bu qərar 2000-ci ildə verilib. Yeni
Mənzil Məcəlləsi isə 2009-cu ildə qəbul edilib. Bu məsələ açıq
qalıb. JEK-lər həm zibil pulu, həm mənzil haqqı yığır. Bu gün
faktiki olaraq JEK-lərin statusu qeyri-qanuni olduğuna görə onların
bu mənzil haqqını yığmaq hüququ yoxdur. Mən fikirləşirəm ki, burda
ciddi qanun pozuntusu var. Bu məsələyə müvafiq qurumlar aydınlıq
gətirməlidir".