İqtisad Universitetinin rektorundan maraqlı açıqlama “Biz sizə baxanda toya getməliyik”

20 Aprel 2012 12:27 (UTC+04:00)
"Bakı Dövlət Universitetində köçürmə hallarının qarşısının alınması üçün daha çox maarifləndirmə işlərinə üstünlük veririk". Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Elm və təhsil komitəsilə birgə keçirdiyi iclasda universitetin rektoru, deputat Abel Məhərrəmov bildirib. Rektor misal olaraq deyib ki, imtahanlar zamanı tələbələrə əvvəlcədən bu mənfi hala getməmək izah olunur və yazılı zəmanət alınır. "Onlar imtahana girən zaman köçürməyəcəklərini, qadağan olunmuş köməkçi vasitələrdən istifadə etməyəcəklərini və etdikləri halda universitetdən xaric olunmağa hazır olduqlarını yazıb imzalayırlar. Məhz əvvəlcədən aparılan belə maarifləndirici tədbirlər sayəsində son imtahanlar ərəfəsində təxminən 20 min nəfərdən cəmi 4-5 nəfər universitetdən xaric olunub, belə halların sayı azalıb" - deyə A.Məhərrəmov vurğulayıb.
A.Məhərrəmovun çıxışına münasibət bildirən İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev isə deyib ki, rəhbərlik etdiyi universitetdə imtahan zamanı qaydaları pozan tələbələr ancaq imtahanlardan xaric edilir. "Sizin əksinizə olaraq biz universitetdən xaric etmirik. Biz sizə baxanda toya getməliyik" - deyə o vurğulayıb.