Saxta endirimlər yenidən paytaxtı bürüyüb

6 Dekabr 2012 07:54 (UTC+04:00)

Yeni il bayramının qeyd olunmasına az müddət qaldığı bir vaxtda yenidən diqqəti cəlb edən əsas məsələlərdən biri də endirim kampaniyaları ilə bağlıdır. Ümumiyyətlə, hər yeni il ərəfəsində mağazaların endirim kampaniyalarına getməsi bütün dünyada özünü göstərir.

Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, əksər Qərb ölkələrindən fərqli olaraq Azərbaycanda endirim kampaniyaları saxta xarakter daşıyır. Yəni heç bir endirim olmur. Elə İqtisadi İnkişaf Nazirliyinin son aylarda çoxsaylı saxta endirim kampaniyaları da aşkar etməsi qeyd edilənlərin real təsdiqidir.

Mütəxəssislər də əslində, mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsinin daha çox saxta xarakter daşıdığını bildirirlər. Qeyd edək ki, ümumiyyətlə, saxta endirimlər problemi son illərin ən çox diqqətçəkən məsələlərindəndir. Monitorinqlər də göstərir ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu sadəcə, alıcıları cəlb etmək məqsədilə həyata keçirilir. Bir sıra mağazalarda apardığımız monitorinq nəticəsində bəlli olur ki, 50-60 faiz qiymət endirimləri elan edilsə də, reallıqda azalma 10-15 faiz olur, bəzilərində isə real qiymət endirimləri ümumiyyətlə baş vermir. Ekspertlər bildirir ki, bununla da praktik olaraq, saxta endirim kampaniyaları istehlakçıların hüquqlarını pozur. Digər tərəfdən iş adamları əslində, bununla öz bizneslərinə ciddi ziyan vururlar.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda Yeni il endirimlərinin olmamasını iş adamlarının strateji planlarının olmaması ilə bağlayır. "Bu adamlar qısa müddətli - bir həftəlik, bir aylıq gəlirlə bağlı plan tuturlar və ona görə də uzun müddətli strateji planları yoxdur. Əgər belə planları olarsa, bayram endirimlərinin nə qədər faydalı olduğunu görərlər".

İqtisadi-ekspertin fikrincə, Azərbaycanda iş adamlarının belə qərar verməsində əsas səbəbi burada korporativ idarəetmə üsullarının zəfi inkişaf ilə bağlıdır: "İndi bizdə vəziyyət belədir ki, səhmdar cəmiyyətlər ləğv edilərək ailə müssisələrinə çevrilir. Korporativ idarəetmə olmadığından qərarlar müzakirə yolu ilə deyil, tək adam tərəfindən verilir. Tək adam isə yalnız bir həftə içində məhdudlaşan qərarlar verə bilər. Amma korporativ idarəetmədə fikir müxtəlifliyi olduğu kimi planlaşma imkanları da böyükdür".

Ekspert bu fikirdədir ki, bununla bağlı Azərbaycanın iş adamlarının arasında maarifçilik işləri görülməsinə ehtiyac var: "Onlara başa salmaq lazımdır ki, endirimlər satışları artırır və nətiəcə etibarı ilə həmin şirkətlərin ili gəlirli başa vurmasına səbəb olur. Əks halda onların satılmamış və dəbdən düşmüş məhsul qalığı ilə bağlı problemi olur".

Ekspertlər isə hesab edir ki, saxta endirmlərlə bağlı məsələni birdəfəlik həll etmək üçün qanunvericiliyin daha da sərtləşdirilməsi lazımdır. Qeyd edək ki, region və MDB ölkələrində saxta endirimlərlə real mübarizə aparılır. Məsələn, Türkiyədə şirkətlər öz məhsullarına hər ay endirim edir və onun reklamını internetdə də paylaşır. Yerli və xarici məhsullara 30%-dən tutmuş 90%-dək real endirimlər təklif edilir. Türkiyə məhsulları alanlar yaxşı bilir ki, aldıqları məhsullar kefiyyətinə görə də fərqlənir. Rusiyada isə mağaza təkrar olaraq 3 dəfə saxta endirim təklif edirsə, həmin mağaza bağlanır və əmlakı müsadirə edilir. Ümumiyyətlə, MDB ölkələri sırasında saxta endirimlərlə bağlı qanun əvvəlcə Rusiyada, daha sonra isə Qazaxıstan və Ukraynada qəbul edilib. Onu da bildirək ki, bəzi ölkələrdə bu cür reklam kampaniyalarına nəzarət olunur. Məsələn, Rusiyada 25 faizdən, Rumiyada 30 faizdən artıq endirim dərəcəsi təyin etməyə icazə verilmir. Bu da onunla əlaqələndirilir ki, satılan malın maya dəyərinin üzərinə ən çoxu 25-30 faiz əlavə oluna bilər. Maya dəyərindən aşağı qiymətə malın satılması sahibkara sərf etmir. Qeyd edək ki, Rusiyada bu qanunun qəbulundan sonra saxta endirimlərə qarşı mübarizənin gücləndiyi nəzərə çarpır.

Ölkəmizdə isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəmadi keçirdiyi reydlərə baxmayaraq, bu cür saxta endirim təklif edən mağazaların sayı azalmaq bilmir. Onu da xatırladaq ki, ölkədə istehlakçıların hüquqlarının pozulmasına görə cəzalar da sərtləşdirilib. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunlar qüvvəyə minib.

İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsi ilə ("İstehlakçıları aldatma") nəinki malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir və həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3000 manat miqdarında cərimə sanksiyası tətbiq edilir. İstehlakçıların mal haqqında məlumat almaq hüququnun pozulmasına, yəni istehlakçıya satılan mal barəsində qanunla müəyyən edilmiş zəruri məlumatların verilməməsinə görə təqsirli vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin isə 400 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur. Lakin bütün bunlara rəğmən, saxta endirimlər problemi hələ də davam edir.