Xəzərdə mübahisəli yataqlar probleminin həlli uzanır

6 Dekabr 2012 11:05 (UTC+04:00)

Bilindiyi kimi, Azərbaycanın Xəzər akvatoriyasında İran və Türkmənistanla mübahisəli neft yataqları vardır. Bu mübahisə doğuran yataqlarda çoxlu ehtiyatların olduğu bildirilir. Lakin Xəzər dənizinin statusunun müəyyənləşməməsi həmin yataqların istifadəsinə imkan vermir. Amma bütün hallarda mübahisəli yataqlar məsələsi də öz həllini tapmalıdır.

Belə həll yollarından biri də məsələnin Beynəlxalq Arbitraj Məhkəməsində müzakirəyə çıxarılmasıdır. Görəsən, Azərbacyan bu məsələdə nə etməlidir? Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edə bilərmi?

Enerji məsələləri üzrə ekspert İlham Şaban bu qənaətdədir ki, mübahisəli yataqlarla bağlı Azərbaycanın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməsi mümkün deyil: "Mübahisəli yataqlarda, o cümlədən "Kəpəz" yatağında böyük resurs olmadığından ora heç xarici şirkətlər də maraq göstərmir. Digər tərəfdən, "Ekson", BP və "Statoyl"un üçünün birgə həyata keçirmək istədiyi layihəsi də İranla mübahisə üzündən 12-ci ildir ki, yerində sayır. Mübahisənin həlli Xəzərin statusunun müəyyənləşməsindən keçir ki, onun da statusunun yaxın və orta perspektivdə həllini tapacağını düşünmürəm. Bu siyasi məsələdir, ona görə də geopolitikaya bağlıdır. Ortada İran məsələsi olduğundan status məsələsi heç zaman həllini tapmayacaq. Həmin məsələdə Tehran Qərblə alver edir. Rusiyanın özünün də Qərblə qaz alveri mövcuddur, onun da Xəzərin hüquqi statusu məsələsində kompromisə gəlməsi çətin məsələdir. Azərbaycan mübahisəli yataqlarla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə də müraciət edə bilməz. Bura müracət etmək üçün qanun olmalıdır".

Neft sahəsi üzrə mütəxəssis Zəfər Vəliyev də hesab edir ki, mübahisəli yataqlarla bağlı ikitərəfli sazişlər daha sərfəlidir, nəinki Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək: "Mübahisəli yataqlarla bağlı məsələnin kökü keçən əsrin 90-cı ilin əvvəlinə qədər uzanır. Azərbaycan müstəqil olandan sonra xarici neft şirkətləri, transmilli kompaniyalar Xəzərin ölkəmizə aid olan sektoruna ciddi maraq göstərməyə başladılar. 1991-ci ildə də "Azəri-Çıraq-Günəşli" yatağının dərin hissəsində neft yataqlarının kəşfiyyat, hasilat və pay bölgüsü ilə bağlı müəyyən danışıqlar olmuşdu. 1992-ci ildə isə bu proses daha geniş vüsət aldı. Müəyyən razılaşmalar da olmuşdu. Neft amili heç də iqtisadi məsələ deyil, o qlobal siyasi məsələdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə yaradılan konsorsiumda Rusiya və İranın da müəyyən payı vardı. Onda Rusiyanın Xarici İşlər Nazirliyində Xəzərin statusu ilə bağlı komissiya yaradıldı. Həmçinin, Azərbaycanın 1994-cü ildə imzaladığı həmin müqavilə ilə əlaqədar da komissiya yarandı. Bunlardan da məqsəd Azərbaycana təzyiq etməkdən ibarət idi. "Əsrin müqaviləsi" İran və Rusiyanın maraqlarına zidd idi. Moskva əsas neft ixracatçısı ölkələrindəndir. Onun bir illik neft hasilatı 600 milyon ton civarındadır. Bunun da 200 milyon tonunu o xam neft şəklində beynlxalq bazara çıxarır. İranın da zəngin neft və qaz yataqları mövcuddur. Neft və qaz ehtiyatına görə İran ilk beşlikdə təmsil olunan dövlətdir. Xəzərin Azərbaycan sektorundakı yataqların xarici şirkətlərin istifadəsinə verilməsi bu mənada həm də İranın maraqları ilə tərs mütənasibdir. Ona görə də qısa müddətdən sonra Xəzərin hüquqi status məsələsini gündəmə gətirdilər. Amma bu məsələ birbaşa Rusiyadan istiqamətlənirdi. Sonra Rusiya Azərbaycan və Qazaxıstanla Xəzərin sektorlara bölünməsilə bağlı saziş imzaladı. Mübahisə belədə yalnız Türkmənistan və İranla bağlı olaraq qaldı. Bakı Xəzərin statusunun müəyyənləşməsində beynəlxalq hüquq normalarına əsaslanır. Xəzərin sərhədlərə bölünməsi məsələsinə bir neçə yanaşma mövcuddur. Həmin prinsiplərdən ən doğru yanaşma Azərbaycana məxsusdur. Digər yanaşma orta xətt metodudur ki, bu da Aşqabadın ideyasıdır. İran da status məsələsində təxminən Aşqabadla eyni mövqedən çıxış edir. Onu da qeyd edim ki, Türkmənistanın Xəzər sektorunda mənsub olduğu yataqlar vaxtilə Azərbaycan geoloqları tərəfindən kəşf olunub. Keçmiş sovet məkanında geoloji kəşfiyyatla bağlı ən güclü mütəxəssislər Azərbaycanda olub. Bu baxımdan Bakı dəfələrlə Aşqabada ən alternativ və optimal variant təklif edib ki, mübahisəli yataqlar birgə istifadə olunsun. Aşqabad buna da getmir. Deməli, söhbət siyasiləşir və onu da Türkmənistan sərhədlərindən kənarda axtarmaq lazımdır.

Siyasət həmişə güzəşt, qarşılıqlı maraqlar tələb edir. Ona görə də hesab edirəm ki, mübahisəli yataqlarla bağlı ölkəmizin beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməsi düzgün addım olmaz. Azərbaycanın enerji siyasəti çox qlobaldır. Çünki bu siyasətin arxasında Qərb dayanır. Məqsədimiz qonşu dövlət olaraq Türkmənistanla yaxınlaşıb gələcəkdə yeni bir enerji koridorunun yaranmasına nail olmaqdır. Orta Asiyanın enerji ehtiyatlarının Avropaya çıxarılması iki yolla mümkündür, Rusiya və Azərbaycan üzərindən. Biz Mərkəzi Asiyanın türkdilli dövlətlərilə əlaqələri elə səviyyəyə çatdırmalıyıq ki, gələcəkdə birgə enerji layihələrində iştirak edək. Türkmənistandakı enerji yataqlarının Azərbaycan vasitəsilə Avropaya daşınması ən optimal variantdır. 1995-ci ildə Qərbin dəstəklədiyi "Transxəzər" layihəsi vardı ki, həmin layihə də sonradan Türkmənistan prezidentinin günahı üzündən alınmadı. Mübahisəli yataqlarla bağlı ikitərəfli danışıqlar daha sərfəlidir, nəinki Beynəlxalq Arbitraj Məhkəməsinə çıxmaq. Qərb dövlətləri ciddi cəhdlə maraqlıdır ki, Türkmənistanın enerji qaynaqları məhz Azərbaycan üzərində Qərbə daşınsın.

Ona görə də hesab edirəm ki, mübahisəli yataqlarla bağlı məsələnin Beynəlxalq Arbitraj Məhkəməsinə çıxarılması Azərbaycan və Türkmənistan üçün məqbul sayıla bilməz".