“2006-cı ildən etibarən Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkarlanıb”
6 Dekabr 2012 12:09 (UTC+04:00)
ATƏT-in Bakı Ofisi
tərəfindən təşkil olunan "İnsan alveri və məcburi əməyə qarşı
mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi" mövzusunda iki
günlük beynəlxalq konfrans başlayıb.
Movqe.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan
Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli
koordinatoru, general-leytenant Vilayət Eyvazov hər il dünyada 21
milyon adamın insan alverinin qurbanı olduğunu, 14 milyon adamın
isə məcburi əməyə cəlb olunduğunu deyib: "İnsan alveri ilə mübarizə
çərçivəsində Azərbaycanda Daxili İşlər Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi və digər qurumların nümayəndələrindən
ibarət işçi qrup yaradılıb. 2006-cı ildən bu yana Azərbaycanda
insan alveri ilə bağlı 484 fakt aşkar olunub. Bu faktlardan 10
məcburi əməyə cəlb etmə olub, 363 nəfər məsuliyyətə cəlb edilib,
225 qrup zərərsizləşdirilib, Onlardan 8-i mütəşəkkil cinayətkar
qrup olub. İnsan alveri ilə mübarizə nəticəsində 473 qurban azad
olunub və reablitasiya edilib"
V. Eyvazov hər il Azərbaycanda insan alveri ilə mübarizəyə orta
hesabla 500 min dollar vəsait ayrıldığını bildirib: "Həmin pul
qurbanların reabilitasiyasına sərf olunur. Dövlət tərəfindən
qurbanlara ödənilən pulun miqdarı cari ildə 2 dəfə artaraq 510
dollara çatıb".