Sağlamlığımıza cipsi təhdidi

7 Dekabr 2012 10:14 (UTC+04:00)

İnsan orqanizmi üçün təhlükəli və yararsız qida məhsulları siyahısında çipsilərin də adı getdikcə daha çox hallanmaqdadır. Hazırlanma texnologiyasına görə çipsinin tərkibində çoxlu sayda kanserogen maddələr yaranır ki, bu da təhlükəli sayılır. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infakt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.

Azərbaycanda da artıq dekabırın 4-dən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfəindən ticarət obyektlərində satılan çipsilərin təhlükəsizlik göstəricilərinin yoxlanmasına başlanıb.

RGEM-nin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məsələ ilə bağlı Mövqe. Az-ın suallarını cavablandırıb:


-Hazırda yoxlamalarla bağlı bu sahədə vəziyyət nə yerdədir?

-Bu sahədə hal-hazırda elə bir problem yoxdur. Nümunələr götürülür, yoxlanılır. Götürülmüş nümunələrdə normadan kənara çıxma hallarına rast gəlinməyib. İndi 60-dan 100-ə qədər nümunələrin götürülməsi nəzərdə tutulub. Bu nümunələr hələ ki, gətirilir. Amma indiyə qədər aparılan müayinələr zamanı heç bir kənara çıxma halları aşkarlanmayıb.


-Yoxlamalar hansı obyektlərdə aparılır?

-Yoxlamalar həm Azərbaycanın istehsal müəssisələrində, həm də satış yerlərində aparılır. Yoxlamaların əhatə dairəsi genişdir. Belə ki, yoxlamalar həm yerli istehsalı, həm də xaricdən idxal edilən məhsulları əhatə edir.


-Aparılan araşdırmalar məktəb bufetlərini əhatə edəcəkmi?

-Əlbəttə ki, məktəb sahəsini əhatə etməlidir. Bizdə bunları araşdıran ayrıca uşaq və yeniyetmə gigiyenası şöbəsi var. Məktəblərin həm qida məsəlsinə, həm də sanitariya qaydalarına onlar nəzarət edirlər.


-İngiltərə daxil olmaqla, dünyanın bir sıra ölkələrində çipslərin satışına qadağa qoyulub. Bəs Azərbaycanda necə, bu gözlənilirmi?

-Çipsilərin satışı barədə müxtəlif ölkələrdə müxtəlif qərarlar verilib. Azərbaycanda çipsilərin istehsalında istifadə edilən xammal və s. Ümumdünya Səhiyyə Təşkilatının icazə verdiyi məhsulların əsasındadır. Amma çipsilər bilirsiz ki, kartof məhsullarından hazırlanır. Eyni zamanda çipslərin hazırlanmasında genetik modifikasiya edilmiş məhsullardan da istifadə olunması mümkündür. Bilirsiniz ki, dövlət orqanları qanunvericiliklə işləyir. Hal-hazırda mövcud qanunvericilikdə çipsilərin satışına icazə verilir. Amma mümkün haldır ki, gələcəkdə normadan çıxma halları olsa və yaxud da ki, onların hazırlanma komponentlərində insan sağlamlığına mənfi təsir göstərə biləcək amillər aşkar ediliyi halda bunların satışına və hazırlanmasına qadağa qoyula bilər.