Tikinti şirkətləri mənzil inşa etməkdən vaz keçirlər

7 Dekabr 2012 11:19 (UTC+04:00)

Bir zamanlar bir-birinin bəhsinə çoxmərtəbəli yaşayış binaları inşa edən tikinti şirkətləri artıq yeni istiqamətdə rəqabətə başlayıblar. Belə ki, şirkətlər indi yaşayış evlərinin yerinə, daha çox kommersiya obyektlərinin tikintisinə meyl göstərirlər. Bunun səbəbləri barəəd isə ekspertlər maraqlı fikirlər səsləndirirlər.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru, ekspert Ramil Osmanlı məsələ ilə bağlı Mövqe. Az saytına açıqlama verib: "Bu gün mənzil bazarında təklif tələbi böyük fərqlə üstələyir. Bakı şəhərində təxminən bu gün 20 mindən yuxarı mənzil var ki, onlar satışa çıxarılır, amma satılmır. Bunun nəticəsində də tikinti şirkətləri bazarda çox böyük problemlər ilə qarşılaşırlar. Hətta bəziləri bazardan çıxmaq məcburiyyətində qalırlar. İndi elə hallar mövcuddur ki, tikinti şirkətləri yaşayış üçün inşa etdiyi binanın sonradan təyinatını dəyişərək onu biznes mərkəzinə və yaxud da ki, otelə çevirir. Bu da ondan irəli ki, həmin obyektlərdə gəlir daha yüksəkdir, risk aşağıdır. Eləcə də həmin obyektlərin reablitasiyası da mənzillə müqayisədə genişdir. Buna görə də qeyri-yaşayış sahələrinin tikintisi daha çox maraq dairəsindədir. Səbəb sadəcə bundan ibarətdir.

Mövcud vəziyyətdə biz mənzil fondunu təhlil etdikdə adambaşına düşən mənzil ölçülərinə görə Azərbaycanda çox ciddi problemlərin olduğunu görürük. Faktiki olaraq biz adam başına düşən mənzil göstəricilərinə görə nəinki, Avropa ölkələrindən geridə qalırıq. Azərbaycanda adambaşına düşən orta mənzil sahəsi təxminən 9.5 kvadratmetrdir. Bu rəqəm MDB ölkələrində Rusiyada, Ukraynada 20-25 kvadrat, Qərbi Avropa ölkələrində 30-35 kvadrat, Amerikada isə hətta 42 kvadrat metrə çatır. Faktiki olaraq Azərbaycanda mənzilə olan tələbat böyükdür. Bu tələbatın böyük olması, hələ tələbatın ödənilməsi demək deyil. Aparılan təqiqatlar göstərir ki, Azərbaycanda mənzilə tələbat böyük olsa da mənzil almaq iqtidarında olanların sayı məhduddur. Hətta bir faktı deyim ki, məsələn, son 2 il ərzində aparılan araşdırmalar göstərir ki, Azərbaycanın mənzil bazarının ümumi çəkisində ipotekanın həcmi 70% -i üstələyir. Bu o deməkdir ki, nağd alışların məhdudlaşması prosesi baş verir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda mənzil qıtlığı tikinti tempinin aşağı düşməsi ilə bağlı olmayacaq. Bu problem onsuz da var. Bundan sonra Azərbaycanda təxminən 10 il mənzil tikintisi 2006-2007-ci ildəki templə getməlidir ki, ümumi mənzil fondunun göstəriciləri Rusiyadakı, Ukraynadakı səviyyəyə çatsın".

"NBA Group konsaltinq" şirkətinin rəhbəri, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov da məsələ ilə bağlı Mövqe. Az-a aşağıdakı açıqlamanı verib: "Təbii ki, hər bir iş adamı və yaxud da ki, biznes strukturu kimi tikinti şirkətləri də mənfəət dalınca qaçır. Yəni onları daha çox mənfəət və rentabellik maraqlandırır. Əgər əvvəllər yaşayış mənzillərinin tikintisi daha rentabelli olurdusa, bu 70-80 % təşkil edirdisə, son bir neçə ildə artıq bu sahədə rentabellik çox cüzidir. Buna görə də tikinti şirkətlər daha çox qeyri-yaşayış sahələrinin tikintisinə meyillidirlər. Çünki, bu gün qeyri-yaşayış sahələrinin satışı və ya icarəyə verilməsi daha realdır. Buna görə də tikinti şirkətləri daha yüksək rentabellik əldə etmək üçün qeyri-yaşayış sahələrinin tikintisinə üstünlük verirlər.

Daşınmaz əmlak bazarında qıtlığın olması üçün gərək yaşayış seqmentində hansısa bir boşluq, təklifin qıtlığı əmələ gəlsin. Bu gün bu qıtlıq yoxdur. Tikinti şirkətləri qeyri-yaşayış sahələrinin inşasına daha çox meyillidirlər. Yəqin ki, zaman gələcək, tikinti şirkətlərinin baxışı dəyişəcək. Çünki, tələb-təklifi bazar özü tənzimləyir. Hələ ki, yaşayış sahələrində təklif tələbi üstələyir. Yəqin ki, 3-4 ilə yaşayış mənzillərinin tikintisi bazarında artım olmasa, bazarda qıtlıq müşahidə ediləcək. Onda çox güman ki, tikinti şirkətləri öz mövqelərində dəyişiklik edəcəklər".