Taleyi naməlum qalan Qəbələ RLS

7 Dekabr 2012 12:08 (UTC+04:00)

Qəbələ RLS-lə bağlı Rusiyanın Azərbaycanla 2002-ci ildə bağladığı müqavilənin müddəti dekabrın 24-də başa çatır. Qeyd edək ki, RLS-lə bağlı yeni müqavilənin bağlanması üçün uzun müddətdir ki, iki ölkə arasında danışıqlar da gedir. Lakin danışıqlardan hələlik bir nəticə hasil olmayıb. Bakı yeni müqavilədə icarə haqqının artırılmasında israrlıdır.

Bəzi məlumatlara görə Azərbaycan buna görə Rusiyadan 300 milyon dollar vəsait istəyir. Rusiya isə bununla razılaşmır. Eyni zamanda başqa bir məlumata görə Moskva hazırkı müqavilənin müddətinin daha iki illiyə uzadılması şərtilə danışıqların davam etdirilməsini təklif edib. Bütün bunlara rəğmən hazırkı müqavilənin başa çatmaq ərəfəsində olduğu bir məqamda RLS-in gələcək taleyilə bağlı konkret məlumatlar yoxdur. Ona görə də RLS-in taleyinin necə ola biləcəyini ekspertlərdən öyrənməyə çalışdıq.

İstefada və Ehtiyatda olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərlinin fikrincə, Qəbələ RLS-i məsələsində çox güman ki, mövcud şərtlər daxilində hazırkı müqavilənin müddətinin daha iki illiyə uzadılması barədə razılıq əldə oluna bilər: "Qəbələ RLS-nin taleyilə bağlı hələlik hər hansı bir rəsmi açıqlamalar yoxdur. Ortalıqda məsələ ilə əlaqədər yalnız müxtəlif versiyalar gəzir. Daha çox real görünən versiyaya görə tərəflər köhnə müqavilənin heç bir dəyişikliyə uğramadan daha iki il müddətinə qüvvədə saxlanılması barədə razılığa gəliblər. Bu müddət ərzində RLS-in gələcək taleyilə bağlı müzakirələr aparıb yenidən qərar veriləcək. Digər versiya isə odur ki, tərəflər yeni müqavilə ətrafında müəyyən razılıq əldə ediblər. Amma nədənsə həmin müqavilə ictimaiyyətə açıqlanmır. RLS ətrafında müzakirələr əsasən iki məsələ üzərində gedir. Azərbaycan tərəfi icarə müddətinin qısa, icarə haqqının isə yüksək olmasını irəli sürüb. Məlumatlarımıza görə, şahmat taxtında olduğu kimi danışıqlarda həmçinin Azərbaycan öz marağından çıxış edərək müqavilənin uzadılması müqabilində Qarabağ məsələsində ölkəmiz üçün Rusiyanın əlverişli variantlar təklif etməsi tələbi də vardı. Lakin Rusiya bundan imtina edirdi. Ona görə də Azərbaycan müqavilənin müddətinin daha qısa, məbləğin isə yüksəldilməsinə çalışırdı. Müqavilə ətrafında danışıqlarda əsas mübahisələr bunlar idi və onun necə yekunlaşdığından hələlik xəbərsizik. Başqa versiyaya görə isə tərəflər razılığa gəlib ki, Moskva tədricən Qəbələ RLS-ni Azərbaycana təhvil verəcək. Amma indiki situasiyada daha real görünən tərəflərin hazırkı müqavilənin şərtlərini daha iki il müddətinə uzadılması versiyasıdır. Bu müddətdə veriləcək yeni qərarlardan biri də Rusiyanın RLS-i Azərbaycana təhvil verməsi ola bilər. Bəzi məlumatlara görə gələn ildən başlayaraq RLS ərazisində Azərbaycan hərbçilərinin sayı artırılmasından da söhbət gedir. Bu da tədricən obyektin təhvil verilməsindən söhbət getdiyinə bir işarədir. Belə bir ehtial böyükdür. Çünki Azərbaycan və Rusiya cəmiyyətində həmin məsələ üzrə ictimai müzakirələr demək olar ki, üst-üstə düşür. Rusiya ictimaiyyəti, hətta hərbçiləri Qəbələ RLS-nin hərbi əhəmiyyətinin azaldığını deyir. Sadəcə, Rusiya hakim dairələri bölgədən çıxmamaq, siyasi təsir vasitəsi kimi obyekti öz əlində saxlamaq istəyir. Azərbaycan isə obyektin bölgənin ekologiyasına vurduğu zərbələri, həm də Qarabağ məsələsində Moskvanın Ermənistan tərəfində durmasını əsas gətirərək RLS-in bağlanmalı olduğunu hesab edir".

Digər hərbçi ekspert Mehdi Mehdiyev əmindir ki, RLS-lə bağlı müqayilə müddəti uzadılmayacaq: "Yaxşı olardı ki, Qəbələ RLS-nin fəaliyyətinə son qoyulsun. Çünki həmin obyekt bölgənin ekoloji tarazlığını pozur. Ərazidə yaşayan insanlar RLS-dən xeyli əziyyət çəkirlər. Rusiya ya Azərbaycanın irəli sürdüyü şərtlərlə razı olaraq müqavilənin uzadılmasına gedə bilər. Ya da köhnə müqavilə şərtlərilə stansiyanın bundan sonra fəaliyyətinin davam etdirilməsi yolverilməzdir. Zənnimcə, bütün hallarda Qəbələ RLS-ilə bağlı müqavilə uzadılmayacaq. Onsuz da Rusiya Armavirdə bu tip daha müasir stansiyaya malikdir".