Bazarlarda qiymət artımı yeni ziddiyyət doğurdu

7 Dekabr 2012 13:14 (UTC+04:00)


Son bir ayda kənd təsərrüfatı məhsullarının istehsal qiymətinin bahalaşdığı müşahidə olunur. Əksər aqrar sahə məhsullarının maya dəyərinin qalxdığı bildirilir. Buna müvafiq olaraq satış qiymətlərində də artımlar var. Qarşıda

n isə yeni il bayramı gəlir. Bu isə o deməkdir ki, kənd təsərrüfatı məhsullarını istehsal qiymətlərində indi baş verən bahalaşma özünü daha qabarıq formada göstərməkdə davam edəcək.

Belə ki, Azərbaycanda adətən bayramlar ərəfəsində aqrar məhsulların qiymətləri ucazlaşmaq əvəzinə, bahalaşır. Məsələ ilə bağlı ekspertlərin də fikirlərini öyrəndik.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev indiki şəraitdə ölkədə meyvə və tərəvəz məhsulları bol olduğundan istehsal qiymətlərinin bahalaşdığını düşünmür: "Nazirlik olaraq hər dəfə bazarlarda araşdırma aparırıq. Ona əsasən deyə bilərəm ki, kənd təsərrüfatı məhsullarının, meyvə-tərəvəzin qiymətləri qalxmayıb, əksinə, aşağı düşüb. Bu qiymət ucuzlaşması 15 faiz təşkil edib. Keçən ilə nisbətən cari dövrdə meyvə və tərəvəz istehsalında hardasa 20-25 faizə qədər artım var. Ona görə də qiymətlər aşağı düşüb. Yalnız taxıl və buğda məhsulunda qiymətlər müəyyən qədər yüksəlib. Bu isə istehsalçılara xeyirlidir. Çünki yerli taxıl və buğda istehsalının qiyməti qalxdıqda istehsalçının da prosesdə marağı artır. Belədə gələcəkdə taxıl istehsalı bir qədər də arta bilər. Meyvə, tərəvəz və kartofun qiymətlərinə gəldikdə isə bu istiqamətdə son dövrlər ucuzlaşma meylləri müşahidə olunur. Qiymətlər artan kimi bunun harda və nə səbəbə artdığını bilirik. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı tələbatdan 1,8 dəfə çoxdur. Belə olan təqdirdə həmin məhsullarda qiymət bahalaşması baş verə bilməz. Ola bilər ki, bəzi bazarlarda süni qiymət artımları baş versin. Amma hansısa bir alverçi qiymətləri qaldırırsa, bu heç də bütün ölkə üzrə kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşması demək deyil. Bazar şəraitində qiymətlər sərbəst olduğundan prosesə dövlət qarışmır. Çünki prosesi bazarın konyukturası müəyyənləşdirir. Düzdür, yeni il ərəfəsi ət və süd məhsullarının qiyməti qalxa bilər. Bayramda ən çox ət və süd məhsulları istifadə olunduğundan tələbatın artması fonunda həmin məhsulların qiymətinin bahalaşması gözləniləndir. Digər tərəfdən, mart ayında, Novruz bayramı ərəfəsində qoz, fındıq, kişmiş və s. bu kimi meyvələrin qiymətlərini bahalaşdırmağa çalışırlar. İndiki situasiyada ölkədə meyvə və tərəvəz məhsulları boldur. İstixanalar bu məhsullarla doludur. Belə bir vəziyyətdə qiymətlərin qaldırılması həmin məhsulların qalıb xarab olmasına gətirib çıxarar. Ona görə də qiymətlərin nizamlanmasına çalışırlar".

Aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərrəmov isə əksinə, aqrar sahə məhsullarının istehsal qiymətinin qalxdığını dedi: "İqtisadiyyatdan bilirik ki, qiyməti təkliflə tələb yaradır. Amma Azərbaycanda bu qanunauyğunluq artıq pozulub. Baxmayaraq ki, hazırda bəzi məhsulların təklifi elə də azalmayıb, ancaq buna rəğmən qiymətlər bahalaşıb. Belə vəziyyət isə alıcılıq qabiliyyətinin azaldığından xəbər verir. Əslində isə bazar münasibətlərində alıcılıq qabiliyyəti azalanda qiymətlər düşməlidir. Tələb azalırsa, qiymətlər mütləq enməlidir. Bu işlə məşğul olan sahibkar məhsulunu satmaqda maraqlı olmalıdır və o, qiymətləri endirib satmalıdır. Azərbaycanda isə işbazlar həmişə qiymətləri qaldırmaqda maraqlıdırlar. Bu da istər-istəməz bazara öz təsirini göstərir. Hazırda pomidor və xiyar məhsullarının istehsalı demək olar ki, yox səviyyəsindədir. İdxal edilən pomidor və xiyarın qiyməti isə daxili bazarda rəqabətin olmaması səbəbindən kifayət qədər yüksəkdir. Ət və süd, yumurtanın qiymətinin qalxması isə yemin qiymətinin bahalaşması ilə əlaqədardır. Dəfələrlə vurğulamışıq ki, Azərbaycan özünün yem məhsullarına olan tələbatını ödəyə bilmir. Həmin sahə də idxaldan asılıdır. İdxal məhsullarının qiyməti isə yüksək olduğundan proses sonda gətirib bazardakı qiymətlərə də bahalaşma istiqamətində təsir edir. Bayramqabağı qiymətlərin bahalaşmasında isə süni amillər də mövcuddur. Alıcılıq qabiliyyəti aşağı olduğundan sahibkar çalışır ki, heç olmasa bayram ərəfəsində yaxşı gəlir götürə bilsinlər. Bir sıra xərclər isə qeyri-rəsmi xərc kateqoriyasına daxil olduğundan belədə proses məhsulun maya dəyərinə də təsir edir, maya dəyəri qalxır. Sahibkarlar da yüksək olan maya dəyərini kompensasiya etmək üçün qiymətləri qaldırmağa məhkum olurlar. Qiymət artımında digər amil isə mövsümlə əlaqədardır. Bir çox məhsul kifayət qədər istehsal edilmədiyindən qış üçün demək olar ki, saxlanılmayıb. Bazarda sıradan çıxan həmin məhsulun yerini xarici məhsul tutur ki, bu da qiymətin artmasına səbəb olur".