Rusiyanın yeni raket oyunu

7 Dekabr 2012 13:18 (UTC+04:00)

Azərbaycana qarşı yönələcəyi təqdirdə, ölkəmizin bu oyundan qalib ayrılmaq şansları yüksək qiymətləndirilir

MDB məkanında diqqət çəkən mühüm məqamlardan biri də Rusiyanın yenidən burada hərbi fəallığını artırmasıdır. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hava hücumundan müdafiə sisteminin yaradılmasından gedir. Rusiya ordusunun yeni təyin olunmuş baş qərargah rəisi Valeri Gerasimov tezliklə belə bir sistemin qurulacağını bildirib.

Xatırladaq ki, SSRİ dövründə belə sistem mövcud idi, onun süqutundan sonra yeni postsovet dövlətləri bu sistemin onlara lazım olmadığını hesab etdilər.

İndi Ermənistanın da üzvü olduğu təşkilatın müdafiə sistemi qurması regionun təhülkəsizliyi məsələsini yenidən gündəmə gətirir. Hətta bunu 20 ilə yaxındır Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən müdafiəsinin gücləndirilməsi kimi qəbul edənlər də var. Siyasi ekspertlər hesab edirlər ki, təşkilatda əsas söz sahibi olan Rusiyanın bu addımı əslində Qərbə ismarıcdır. Üstəlik, nəzərə alsaq ki, Gerasimov bu bəyanatı Brüsseldə keçirilən NATO-Rusiya sammiti ərəfəsində verib. Digər tərəfdən, hərbi alyans Rusiyanın ilk gündən qəti əleyhinə çıxdığı Türkiyə-Suriya sərhədində "Patriot" raketlərinin yerləşdiriliməsi barədə qərar çıxarıb. Görünür, Kreml NATO-nun bu qərarına cavab vermək istəyir. Ermənistanda isə hesab edirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının belə bir sistem quraşdırması Azərbaycanın maraqlarına zərbədir. Qeyd edək ki, müdafiə sistemlərindən biri - "Cənub cinahı" hazırda Ermənistanda qurulmaqdadır. Bu isə o deməkdir ki, Ermənistanın təhlükəsizliyi başqa dövlətlər vasitəsilə qorunacaq və kollektiv müdafiə tədbirləri həyata keçiriləcək. İrəvan siyasətşünaslarının fikrincə, müdafiə sisteminin müharibə şəraitində ağır nəticələri özünü göstərə bilər. Bəzi siyasi dairələr hətta bunu Azərbaycanla Rusiya arasında Qəbələ RLS-ə dair razılaşmanın pozulmasının nəticəsi kimi izah edirlər. Azərbaycanlı hərbi ekspertlər hesab edirlər ki, Rusiyanın Ermənistanda Qəbələ RLS-ə alternativ mobil qurğular quraşdırması indiki məqamda real görünmür. Analitiklərin qənaətincə, əsas söz sahibi Rusiya olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkələrin Azərbaycan əleyhinə hər hansı qərar verəcəyi real deyil. Çünki rəsmi Bakının bu ölkələrə qarşı heç bir ərazi iddiası yoxdur. Digər tərəfdən, Ermənistan da, Rusiya da anlayır ki, Azərbaycan istər iqtisadi, istərsə də hərbi imkanlar baxımından kifayət qədər güclü dövlətdir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə məsələ ilə bağlı bildirir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nəzərə almalıdır ki, Azərbaycanın torpaqları işğal altındadır. O təşkilat hər şeydən öncə bu gün üzvü olduğu Ermənistanı məcbur etməlidir ki, işğalçılıq siyasətindən əl çəksin. Bizim heç kimin torpağında gözümüz yoxdur. Mənə belə gəlir ki, KTMT qızışdırıcı mövqe tutmaqdandırsa, sülh yönümlü səylərini artırmalıdır. Gələcəkdə hər hansı ekstremal vəziyyətin qarşısını almaq üçün təşkilat ədalətli mövqedən çıxış etməlidir. Bu gün isə onun əksini görürük.

Təşkilatın rəhbərliyi dəfələrlə açıq şəkildə Ermənistanı müdafiə edəcəklərini bəyan edib. Sual olunur, nəyə görə, işğalın ömrünü daha da uzatmaqdanmı ötrü? Azərbaycan xalqı, başda cənab prezidentimiz olmaqla, heç vaxt buna imkan verməyəcək. Münaqişənin sülh yolu ilə həlli edilməsi prosesi uzandıqca müharibə ehtimalı daha qabarıq şəkildə özünü büruzə verir. Torpaqlarımızı heç vaxt yağı tapdağı altında qoymaq fikrimiz yoxdur. Əgər bu məsələ ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla həll olunmayacağı təqdirdə müharibə labüddür. Silahlı Qüvvələrimiz bu istiqamətdə öz hazırlıqlarını aparır. Azərbaycanı bu məsələdə günahlandırmaq istəyənlər böyük səhvə yol verirlər".