Azərbaycan Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro köçürüb
20 Aprel 2012 13:00 (UTC+04:00)
Aprelin 19-da NATO-nun Şimali Atlantika Şurasının ISAF-a
(Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) töhfə verən
dövlətlərin xarici işlər nazirləri ilə iclası keçirilib. Azərbaycan
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Elmar
Məmmədyarov toplantıda çıxış edib.
E.Məmmədyarov əvvəlcə Əfqanıstanda qulluq edən və regionda sülh və
təhlükəsizliyin təmin olunması naminə həyatlarını itirmiş şəxslərə
ehtiramını bildirib. O qeyd edib ki, Azərbaycan həm qoşun hissələri
göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına
icazə verməklə, habelə qardaş Əfqan xalqına qeyri-hərbi yardım
proqramları təmin etməklə ISAF əməliyyatlarına töhfə verməyə davam
etməkdə qərarlıdır: "Biz təhlükəsizliyin, habelə nizam-intizamın
təmin edilməsi üçün məsuliyyətin Əfqan hakimiyyətinə ötürülməsini
dəstəkləyirik. Əfqanıstan rəhbərliyi və inkişaf etməkdə olan Əfqan
potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir.
Azərbaycan Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının
gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük
əhəmiyyət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı
Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro ayrıldığını elan etdi
və həmin məbləğ bu yaxınlarda Fondun hesabına köçürülüb. Bu, bir
başlanğıcdır. Biz tam şəkildə inanırıq ki, geniş miqyaslı mülki
təlim proqramları da digər bir prioritet sahə olmalıdır.
Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq, Azərbaycan
müxtəlif institutlar – Azərbaycan Diplomatik Akademiyası,
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və
təlim proqramları həyata keçirir. ANAMA bu yaxınlarda Əfqanıstan
məktəblərində istifadə olunması üçün yerli dillərdə mina təhlükəsi
barədə nəşrlər hazırlayıb və bu ölkəyə çatdırıb. Bu, xüsusilə Əfqan
dostlarımız tərəfindən yüksək qiymətləndirilib".
Yekun olaraq, E.Məmmədyarov Azərbaycanla NATO arasında sıx siyasi
dialoq və əsaslı praktik əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir
bildirib ki, bunlar NATO-nun başçılıq etdiyi ISAF əməliyyatlarına
və Əfqanıstanda sülh və təhlükəsizliyə başlıca töhfə verən amillər
olub.