Sürücülərə yol verməyən piyadalar

7 Dekabr 2012 18:47 (UTC+04:00)
Azərbaycanda sürücü-piyada münasibətlərinin problemli olması danılmaz həqiqətdir. Dəfələrlə bu haqda danışılsa da, maarifləndirmə aparılsa da, problem öz həllini hələ də tapmayıb. Nə sürücülər piyadalara yol vermək istəyir, nə də ki, piyadalar sürücülərə. Bu da hətta bəzən qəzaların baş verməsinə gətirib çıxarır.
Bəs gəlin baxaq görək belə halların qarşısını almaqdan ötrü hansı tədbirlər görülür?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov məsələ ilə əlaqədar Mövqe. Az-a açıqlamasında aşağıdakıları bildirib: "Ümumiyyətlə, belə hallar tez-tez müşahidə edilir. Hər halda sürücü-piyada münasibətlərinin normallaşdırılması üçün geniş təbliğat işlərinin aparılmasına ehtiyac var. Bu gün həqiqətən də istər piyadaların, istərsə də sürücülərin məsuliyyətə cəlb edilməsi istiqamətində yol polislərinin yetərincə göstəriciləri var. Piyadaların məsuliyyətə cəlb edilməsi, sürücülərin məsuliyyətə cəlb edilməsi və il ərzində olan göstəricilər. Lakin göründüyü kimi, görülmüş tədbirlərə baxmayaraq, yenə də xoşagəlməz hallar müşahidə edilir. Bu da sürücü-piyada münasibətlərinin kəskiləşməsinə, ictimaiyyətdə müzakirəyə səbəb olur. Hər halda yol hərəkəti haqqında qanunun tələbləri müzakirə edilmədən yerinə yetirilməlidir. Kimliyindən asılı olmayaraq, hər bir şəxs yol hərəkəti haqqında qanunun tələblərini bilməli, yadında saxlamalı və yerinə yetirməlidir. Çox təəssüflər olsun ki, bu istiqamətdə təbliğat səviyyəsi aşağı olduğundan hələ də bir çoxumuz bilmirik ki, olduğumuz yerdən küçə və yollara çıxarkən hərəkət iştirakçısına çevrilirik.Yəni avtomobili idarə edərkən sürücü, avtomobildə hərəkət edərkən sərnişi, küçə və yolları keçərkən isə piyada qismində oluruq. Yəni tutduğumuz vəzifədən, mövqeyimizdən, cinsimizdən asılı olmayaraq, başqa fənləri bilməsək belə, yol hərəkəti haqqında qanuna bir elm kimi yanaşıb o qanunları özümüz öyrənməliyik ki, ən azından özümüzün təhlükəsizliyini təmin etmiş olaq".
Vaqif Əsədov nizam-intizamı pozan sürücü və piyadalara tətbiq edilən cəzalardan da danışıb: "Yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklərdən sonra nizamlanmayan yol ayrıcında və yaxud nizamlanan yol ayrıcında piyada keçidi varsa, piyada ordan hərəkət edən zaman sürücü piyadaya yol verməlidir. Sürücü yol vermirsə, 50 manat cərimə tətbiq olunur. Piyadalar da digər hərəkət iştirakçıları kimi işıqforun göstərişinə düzgün riayət etməlidirlər. Əks halda onlar da indiki qanunvericiliyin tələblərinə uyğun olaraq 20 manat məbləğində cərimə edilirlər. Artıq tətbiq edilən cərimə məbləği artırılıb. Çox güman ki, cərimə məbləğinin artması istər piyadanın, istərsə də sürücünün məsuliyyətini, diqqətini artıracaq.
Bu gün ölkəmizdə bütün sahələr üzrə o qədər sürətli inkişaf prosesləri gedir ki, artıq hamı tələb edir. Çox təəssüflər olsun ki, bizim özümüzdən tələb olunanlar isə yadımızdan çıxır. Yaxşı olar ki, bu gün hər kəs özündən asılı olan tələbləri yerinə yetirsin ki, başqalarından da bunu tələb edə bilsin".
AzMİU yol hərəkətinin təşkili və nəqliyyat tikintisi kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Üzeyir Salehzadə məsələ ilə bağlı Mövqe. Az saytına bildirib: "Piyada-sürücü münasibətlərindən danışarkən qeyd etmək lazımdır ki, bu məsələ yol hərəkətinin təşkilində ən əsas məsələlərdən biridir. Çox ağrılı problemlərdən biridir. Çünki, piyada və sürücü yolda hərəkət edərkən hər biri özünü üstün tutmağa çalışır. Piyada belə düşünür ki, piyada olduğuna görə üstündür, sürücü də elə düşünür ki, özü üstündür. Bu problemləri həll etmək üçün dünyanın müxtəlif ölkələrində müxtəlif tipli tədbirlər həyata keçirilir. O tədbirləri müxtəlif qruplara bölmək olar.
Birinci bloku maarifləndirmə bloku adlandırıram. Bu zaman biz media vasitəsi ilə təhsil müəssisələrində və digər yerlərdə insanları sürücü-piyada mədəniyyəti ilə əlaqədar kiçik yaşından hazırlamalıyıq. Maarifləndirmə işi çox uzun prosesdir. 5 günə, 1 aya öz bəhrəsini verməyə də bilər. Amma bu iş davamlı aparılmalıdır. Televiziyalarda maarifləndirmə məqsədi ilə müxtəlif roliklər verilməlidir. Bunu da dövlət ayrıca maliyyələşdirməlidir. Son dövrlərdə bununla əlaqədar Azərbaycan Televiziyasında yaxşı roliklər gedir. Amma bunların sayı çox azdır. Orta məktəblərdə son dövrlərdə ayrıca piyadalar üçün yol hərəkəti qaydaları adlı dərs vəsaiti çap olunub. Düzdür, bu vəsaitdə yol hərəkəti qaydalarının az bir qismi göstərilib, lakin bu da çox önəmli bir maarifləndirmə yoludur. Son dövürlərdə xarici ölkələrdə oyun proqramlarının sayı artmaqdadır. Hamımız bilirik ki, uşaqlar kiçik yaşlarından etibarən kompüter vasitəsi ilə müxtəlif oyunlar oynayırlar. Bu oyunların bir qismini piyadaların, sürücülərin fəaliyəti ilə əlaqədar qaydalara aid olur. Uşaqlar bunu oyun proqramlarında çox həvəslə oynayırlar. Bu da uşaqların yaddaşında qalır.
İkinci blok çox böyük blokdur. Bu tikinti-planlaşdırma bloku gedir. Bu blokun özünü də bir neçə bloka bölmək olar. Birinci sürücülər və piyadalar arasında təmasın olmaması üçün onlara müxtəlif səviyyədə yollar təşkil etmək lazımdır. Belə olduqda avtomobil ilə piyadanın yolu kəsişmədiyindən heç bir problem olmur. Bunlar çox vəsait tələb edən tədbirlərdir. İkincisi, piyada keçidlərinin təchizatıdır. Biz görürük ki, bəzən piyada keçidi salınır, yolun yanında nişan da qoyulur, amma bir aydan sonra avtomobillərin hərəkəti nəticəsində bu izlər itir. Piyada axınlarını yaradan obyektlər var. Bunlara təhsil müəssisələrini, zavodları, teatrları aid etmək olar. Bunların qarşısını almaq üçün də müxtəlif tədbirlər görülə bilər. Bizdə dərslər bütün müəssisələrdə eyni vaxt başlayıb, eyni vaxt bitir. Bu da əlbəttə, piyada axınını yaradır. Dərs saatları müxtəlif müəssisələrdə müxtəlif cür olarsa, axının qarşısını almaq olar.
Daha sonra bizdə avtobus dayanacaqlarının yeri genişləndirilməlidir ki, piyada və sürücülər arasında problemlər yaranmasın".