Uşaq qidaları ilə bağlı ciddi problem
7 Dekabr 2012 19:14 (UTC+04:00)
Körpə orqanizmi üçün ana südündən daha xeyirli bir qidanın olmadığı
hamıya məlumdur. Lakin heç də bütün analar körpələrinə lazımi
həcmdə süd vermək iqtidarında deyillər. Keçmişdəki kimi süd anaları
da olmadığından uşağın qidalanması üçün tək çarə uşaq qidalarından
istifadəyə qalır. Bu isə həm körpəyə, həm də büdcəyə zərərdir.
Azərbaycana uşaq qidaları xaricdən gətirildiyi üçün baha qiymətə
satılır. Bəs qiymət bahalığının qarşısını almaq üçün hansı
tədbirlər görülə bilər? Uşaq qidaları ilə bağlı yerli istehsal niyə
yoxdur?
İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Mövqe. Az-a
aşağıdakı açıqlamanı verib: "Maraqlı hal ondan ibarətdir ki, eyni
şirkətə məxsus olan uşaq qida məhsullarının qiyməti Azərbaycanda
qonşu dövlətlərə məsələn, Gürcüstana, Türkiyəyə nisbətən bahadır.
İllərdir bu problem var. Bir neçə dəfə bu problem mətbuatda da
qaldırılıb. Hətta keçən ilin əvvəllərində "Nestle" şirkəti bir
şirkət olaraq da bu problemi qaldırdı. Sonra Azərbaycan bazarından
çəkiləcəyi haqqında bir bəyanat da verdi. Amma çox güman ki,
sonradan hər hansı bir danışıqlar yolu ilə bu problem yoluna
qoyuldu. Bəzi məlumatları analiz edərkən belə məlum olur ki,
Azərbaycanda uşaq yeməklərinin qiymətlərinin baha olmasının səbəbi
müəyyən neqativ hallarla, birdə ki, yerli istehsalın olmaması ilə
bağlıdır. Çünki, digər ölkələrdə, hətta qardaş Türkiyənin özündə
belə xarici şirkətlərlə yanaşı yerli şirkətlərin də çox ciddi bazar
tutumu var. Yerli şirkətlər xaricdən gətirilən mallarla rəqabət
yarada bilir. Bu da qiymətin aşağı düşməsinə səbəb olur.
Azərbaycanda yerli istehsal demək olar ki, sıfır səviyyəsindədir.
Bizdə yerli istehsal ilə rəqabət olmadığı üçün xarici şirkətlərin
nümayəndəlikləri burada qarşılarına çıxan neqativ halın dəyərini
həmin məhsulun üzərinə qoyurlar. Bu da qiymət artımına gətirib
çıxardır.
Problemin köklü həllinin 2 yolu var. Birincisi gömrük və vergi
tariflərinin uşaq məhsularını istehsal və yaxud da idxal edən
şirkətlər üçün aşağı salınması ilə ola bilər. İkincisi, bu sahədə
çox yaxşı kreditlərin verilməsi yolu ilə yerli istehsalı
yaratmaqla, bu sahədə rəqabət mühiti formalaşdırmaqla problemin
həll edilməsi mümkün ola bilər.
Yerli istehsalın olmamasının əsas səbəblərindən biri ondan
ibarətdir ki, uşaq qidalarının istehsalı elə bir sahədir ki, yeni
texnologiyaların gətirilməsi vacibdir. Çünki, uşaqların sağlamlığı
və inkişafı əsas məsələ olduğu üçün iri şirkətlərin istehsal
elədiyi texnologiyaların gətirilməsi vacibdir. Bu isə heç də ucuz
bir məsələ deyil. O texnologiyaların alınması, istehsal sahələrinin
yaradılması ucuz başa gəlmir. Ona görə də kiçik və orta biznes bu
sahədə çətinlik çəkir. Bu sahədə gəlirlərin aşağı olması,
sahibkarları bu sahəyə yox, daha gəlirli sahələrə investisiya
yatırmağa sövq edir. Bunu təşviq etmək üçün dövlətin müəyyən
proqramı və bu sahəyə yanaşması olmalıdır. Düşünürəm ki, bu
məsələyə kompleks şəkildə yanaşılsa, Azərbaycanda yerli istehsalın
yaranmasına da şərait yarana bilər".