Neft gəlirləri yenidən artmağa başlayır

29 Aprel 2016 09:15 (UTC+04:00)

"Qara qızıl"ın qiyməti 50 dollara yaxınlaşmaqdadır. Hazırda dünya birjalarında "Brent" markalı neftin bir barrelinin qiyməti 47 dollardan yuxarıdır ki, bu da son dörd ayda ən yüksək göstəricidir. Belə ki, neftin qiyməti sonuncu dəfə 2015-ci il noyabrın 11-dən 47 dollar olub. Azərbaycan neftinin qiymətində də artım var. Belə ki, hazırda "AzəriLayt" markalı neftin də bir barrelinin qiyməti 47 dollardan artıqdır.

Proqnozlar cari il üçün neftin qiymətini 50 dollar civarında olacağı göstərir. 50 dollar isə neft ölkələri üçün müsbət qiymətləndirirlir. Ölkəmiz üçün isə daha məqbul hesab olunur.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, neftin qiymətlərində son günlər baş verən müsbət dəyişikliklər dünya iqtisadiyyatın durğunluqdan çıxmasına təkan verəcək şərtlərdən biridir: "Qiymətlər qalxırsa, deməli, dünyada yanacağa tələbat artır. Yanacağa tələbat isə istehsalın genişləndirildiyi və artdığı hallarda mümkün ola bilər. Bu səbəbdən neftin qiymətlərindəki artım templəri bütövlükdə dünya iqtisadiyyatının resessiyadan çıxmasında pozitiv rol oynayacaq".

Professor əlavə etdi ki, neftin qiymətlərində baş verən müsbət dəyişikliklər onun hasilatı ilə məşğul olan ölkələrə daha çox dividendlər gətirir: "Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin son variantında neftin bir barrelinin qiyməti 25 ABŞ dolları həddində müəyyən olunub. Bundan yüksək olan qiymətlər hesabına daxil olacaq vəsaitlər isə Dövlət Neft Fondunun valyuta ehtiyatlarının artmasını təmin edəcək".

Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban da neftin qiymətinin 50 dollarlıq səviyyəsini Azərbaycan üçün müsbət qiymətləndirir: "Neftin qiyməti əgər 50 dollara qalxarsa, ARDNŞ-nin büdcəsi proqnozlaşdırdığı səviyyədə olacaq. Yəni, bu, pozitiv haldır. Azərbaycan üçün arzu etdiyimiz və cari il üçün ədalətli rəqəmdir.

Nəzərə alaq ki, cari ilin əvvəlində dövlət büdcəsinə korrektə edildi. Burada neftin qiyməti 50 dollardan 25 dollara endirildi. Çünki, ötən ilin noyabr ayında dövlət büdcəsi təsdiq ediləndə neftin qiyməti 50 dollardan proqnoz edilmişdi. Sonradan dünya bazarındakı neqativ tendensiyanı nəzərə alaraq hökumət özünü sığortalamaq məqsədi ilə bu həddi 2 dəfə aşağı endirdi. Ona görə də cari il üçün bazarda "qara qızıl"ın qiyməti 50 dollarda formalaşarsa, hökumət proqnozda nəzərdə tutulmuş vəsaitdən daha ox gəlir əldə edəcək. Çox vəsait əldə edirsə, bu, onun həm sosial, həm də digər xərcləmələrini artıra biləcək. Hətta hökumətin üzərinə düşən beynəlxalq lahyihələrdə olan öhdəliklərinin yükünü də azaltmış olacaq. Yəni, neft qiymətlərinin artması bizim qarşımızda bu perspektivləri açır. Amma Dünya Bankı neftin qiymətinin artması tendensiyasını nəzərə alaraq cari il üçün orta qiyməti 41 dollar civarında qiymətləndirir".