Elşad Abdullayevi bir alət kimi istifadə edirlər

8 Dekabr 2012 07:29 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dekabrın 7-də müxalifət mətbuatında Elşad Abdullayevin dediklərinə münasibət bildirib: "Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim E.Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb.

Yaxşı olardı ki desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.

Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır.

O ki qaldı, guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir – bu da onun xəstə beyninin məsuludur. Elşad Abdullayev özü özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat partiyasını dəstəkləyirik...

Onun cəfəng, böhtan, uydurma bəyanatları, görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir.

O ki qaldı, onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb".