Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır

8 Dekabr 2012 07:54 (UTC+04:00)

"ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirilməlidir. Çünki məhz bu təşkilatın Minsk qrupu münaqişənin həlli prosesi ilə məşğul olur". Bu fikirləri YAP-ın saytına partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O bildirib ki, XİN Şurasının toplantıları vaxtaşırı olaraq keçirilir və burada müxtəlif qərarlar qəbul edilir. Onun sözlərinə görə, hazırki toplantıda da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cari məlumatlar dinlənilə bilər: "Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siysəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur".

Bu yaxınlarda həmsədrlərin bölgəyə səfər etdiyini xatırladan M.Qurbanlı vurğulayıb ki, hazırki şəraitdə Minsk qrupu sülh prosesinin sürətlənməsinə təsir göstərə bilmir: "Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Amma biz indi danışıqlar prosesində durğunluq vəziyyətini müşahidə edirik. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır".