Müxalif düşərgədə yeni ziddiyyət yaranır

9 Dekabr 2012 10:28 (UTC+04:00)
Müxalifət daxilində gələn il baş tutacaq prezident seçkilərinə münasibət heç də birmənalı deyil. Hələlik əksəriyyət prosesdə iştirak edəcəyini bəyan edir. Hətta gedən proseslərdən müxalifətdən olan namizədlərin çoxsaylı ola biləcəyini də düşünmək olar.
Düzdür, son zamanlar bu düşərgədə müxalifətin vahid namizədinin olmasının vacibliyi də önə çəkilir. Demək olar hər bir müxalifət təşkilatı mətbuata açıqlamalarında vahid namizədlə getməyin daha yaxşı olduğunu bəyan edirlər. Amma işdə görünən odur ki, müxalifət düşərgəsində vahid namizədlik məsələsi alınan deyil. Son zamanlar isə iqtidar opponentləri arasında boykot məsələsini də gündəmə gətirənlər üzə çıxıb. Həmin qrup əvvəlki taktikalarına istinad edərək boykot adını çəkməklə guya hakimiyyətə müəyyən təzyiqlər edə biləcəklərini düşünürlər. Özü də boykot taktikasından dəm vuranlara arasında AXCP təmsilçiləri daha çox üstünlük təşkil edirlər. Bu yaxınlarda mətbuata açıqlamalarında AXCP Ali Məclisinin sədri Həsən Kərimov da boykot taktikasının baş verə biləcəyini istisna etməyib.
Bunun əksinə olaraq İctimai Palatada AXCP ilə bir yerdə olan Müsavat isə seçkilərdə iştirakda maraqlıdır. Bu günlərdə Müsavat başqanı İsa Qəmbər də boykot taktikasının baş tutan olmadığına bir işarə vurub. Vaxtilə də müxalifət bu və ya digər seçkiləri boykot edəcəklərini bəyan etmişdilər. Amma seçkilərin nəticəsi heç də radikal müxalifətin istəyinə uyğun şəkildə baş vermədi. İndiyə kimi olan seçkilərdə əhalinin əksər hissəsinin seçkilərə qatılaraq səsvermə prosesində iştirak etməsi Azərbaycan üçün boykot taktikasının keçərli olmadığını sübut etdi. Amma AXCP sədri hələ də bu qaçılmaz amili dərk edə bilməyib və yaxud da dərk edibsə də, boykota getməklə düşünür ki, özünün hazırkı iqtidar qarşısında məğlub olacağını bu yolla ört-basdır edə bilər. Digər tərəfdən, belə fikirlər səslənir ki, Müsavat başqanı İsa Qəmbər vahid namizəd olsa, Əli Kərimli seçkiləri boykot edəcək. Hazırda İctimai Palatada Əli Kərimli ilə İsa Qəmbərin vahid namizəd olması məsələsində gizli və açıq şəkildə mübarizə gedir. Hansı ki, seçkilər yaxınlaşdıqca bu mübarizənin daha da kəskinləşəcəyini gözləməyinə dəyər. Verilən məlumatlara görə indiki məqamda İctimai Palatada boykot məsələsində qüvvələr nisbəti bir qədər Müsavat başqanının xeyrinə dəyişib. Belə olan halda isə İP-nin vahid namizədinin, hətta Əli Kərimlinin dediyi kimi praymeriz yolu ilə müəyyənləşməsi zamanı belə, Müsavat başqanının onu üstələyəcəyi təhlükəsi yaranıb. Görünür, AXCP sədri bu təhlükəni duyduğundan özünü sığortalamaq üçün boykot amilini ortaya atır. Digər tərəfdən, Müsavat başqanının İP-in vahid namizədi olması fonunda AXCP-nin seçkiləri boykot etməsi həm də müttəfiqinə qarşı hörmətsizlik, onu daha ağır vəziyyətdə qoymaq kimi yozulacaq. Nəinki yozulacaq, ən həssas bir məqamda müttəfiqini yolun ortasında qoyub qaçmaq sözün həqiqi mənasında ona qarşı ediləcək ən böyük hörmətsizlik kimi qəbul olunacaq.
Bu arada qeyd edək ki, Əli Kərimlinin "seçki yolu müxalifətin vahid namizədi seçilsin" təklifinə partiya sədrlərinin etirazları davam edir. Məsələyə bir sıra partiya sədrləri, millət vəkilləri, siyasətçilər münasibət bildirərək bunun qeyri-mümkün və gülməli olduğunu bildirdilər.
Müxalifətin boş xəyallarla uzun illərdir baş aldatdığını deyən Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib ki, onların belə təklif səsləndirməsi artıq bir neçə dəfə təkrarlanıb: "Əvvəla, desinlər görək bu seçkini kim keçirəcək və necə keçirəcək? Bəs bunun pulunu kim verəcək? Əgər bu seçki keçirilsə, onda gərək bütün Respublika üzrə keçirilsin. O zaman bilirsiniz bu nə qədər pul tələb edir? Bu qeyri-real bir şeydir. Müxalifət son 20 ildə bir dəfə də real təklif irəli sürməyib. Onların bütün təklifləri xəyaldır".