Aqrar sektor sığorta üzünə həsrət qalıb
9 Dekabr 2012 10:54 (UTC+04:00)
Məlumdur ki, hazırda Azərbaycanda sığorta portfelinin çox az
hissəsi arqar sahənin payına düşür. Aqrar sektor riskli sahə hesab
olunduğundan, sahə həm kreditləşmə, həm də sığortalanma baxımından
ləngiyir. Demək olar ki, sığorta şirkətləri kənd təsərrüfatı
məhsullarının sığortalanmasına az maraq göstərirlər. Halbuki, ABŞ
və əksər Avropa ölkələrində nəinki fermer sahələri, hətta
bütövlükdə proses, məhsulun satış qiyməti belə sığortalanır.
Ölkəmizdə isə aqrar sahədə bəzi məhdud istiqamətlər üzrə
sığortalanma mövcuddur. Ekspertlər Azərbaycanda kənd təsərrüfatının
sığortalanması probleminin kökündə müəyyən mövcud səbəblərin
olduğunu və aradan qaldırmaq üçün bəzi addımların zəruri olduğunu
bildirirlər.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, bu gün aqrar sektorun
sığortalanması mütləq şəkildə lazımdır: "Çünki, kənd təsərrüfatı
böyük risklər daşıyır və təbiətdən ciddi şəkildə asılıdır. Müxtəlif
təbii hadisələr nəticəsində fermerlər istehsal etdiyi məhsulu
tamamilə itirə bilər. Ona görə də bu sahədə sığortalanma çox ciddi
məsələdir. Həm də məhsulların sığortalanması fermerlərə bir
rahatlıq gətirər. Bu məsələni bir çox ölkələr təşviq yolu ilə həll
edirlər. Yəni, aqrar sahədə çalışan insanların sığortasının müəyyən
bir hissəsini, hətta bəzi məhsullar üzrə 50%-ni dövlət tərəfindən
qarşılanması prosesi baş verir. Azərbaycanda da təşviq yolla aqrar
sahəni canlandırmaq olar. Hətta bir neçə dəfə belə təkliflər olub.
Taxıl sahələrində sığortalanma prosesində dövlətin yardım edəcəyi
haqqında müəyyən qərarlar alınmışdı. Amma nəsə bu qərarların həyata
keçməsi ləngiyir. Odur ki, ərzaq təhlükəsizliyinin milli
təhlükəsizliyin tərkib hissəsinə çevrildiyi bir zamanda bu məsələyə
ciddi diqqət ayrılmalıdır. Bu məsələ həyata keçərsə, fermerlərin
əmək fəaliyyəti daha rahat şəkil alacaq".
Ekspert bildirir ki, bu sahəyə riskli olduğundan sığorta
şirkətlərinin marağı o vaxt yarana bilər ki, müəyyən təşviq
kampaniyaları olsun: "Həmçinin, sığorta şirkətlərinə müəyyən
üstünlüklər qazandırsın. Amma il ərzində bir çox bölgələrdə təbiət
hadisələri baş verdiyindən bu sahə riskli sahədir. Əgər sığorta
şirkətləri tərəfindən də bunun hamısının qarşılığı ödənilsə, bu,
şirkətləri ciddi itkilərlə üzləşdirə bilər. Azərbaycanda sığorta
şirkətlərinin marağının az olmasının əsas səbəbi, bu sahənin çox
riskli olmağından və ödənişlərin daha artıq ola biləcəyi
ehtimalından irəli gəlir. Bir də burada fermerlərin özlərinin tam
oturuşmuş sistem qurmaması da rol oynayır. Çünki, bir çox ölkələrdə
fermerlərin özlərinin assoasiyaları olur. Yardımlarının alınmasında
hökumət qarşısında tələblərlə çıxış edirlər. Amma Azərbaycanda həm
belə bir assoasiyanın, həm də fermerlərin iri iqtisadi gəlirlərinin
olmaması pərakəndəlik yaradıb. Fermerlərin iri iqtisadi
gəlirlərinin olmaması fermer təsərrüfatlarının həddən artıq kiçik
olmasından irəli gəlir. Yəni, onların iqtisadi gücü o qədər deyil
ki, öz gücləri hesabına öz sahələrini sığortalasınlar. Problemlər
kompleks olduğundan bu sahəyə maraq azalır".
Digər
iqtisadçı ekspert Samir Əliyev də kənd təsərrüfatının çox riskli
sahə olduğunu bildirir: "Riskli olduğuna görə də, bu gün
fermerlərin kredit resurslarına çox böyük ehtiyacı var ki, həm
özləri gəlir götürsün, həm də bazarda bolluq yaransın. Ona görə də,
bütün dünyada kənd təsərrüfatının kreditləşməsinə çox böyük
həssaslıqla yanaşırlar. Burada da sığorta böyük rol oynayır.
Sığorta mexanizmi ondan ibarətdir ki, məhsulun becərilməsi
prosesində hansısa təbii hadisə baş verərsə, banklara pulu kredit
götürən fermerin əvəzinə sığorta şirkətləri ödəyir. Azərbaycanda da
kənd təsərrüfatı məhsullarının sığortalanması sistemi var, amma bu,
çox məhduddur. Bu isə fermer üçün tam əlverişli deyil. Halbuki,
inkişaf etmiş ölkələrdə təkcə məhsulun yox, eyni zamanda prosesin
özü sığortalanır. Hətta məhsulun qiyməti də sığortalanır ki, qiymət
aşağı düşərsə, həmin kəsir sığorta şirkətləri tərəfindən ödənilsin.
Azərbaycanda sığorta çox məhdud olduğundan yalnz bitkiçilik
hissəsini əhatə edir. Amma burada maldarlıq, meyvə-tərəvəz də var.
Sığorta bu sahələri tam əhatə etmir. Ona görə də yaxşı olardı ki,
kənd təsərrüfatı üzrə sığorta predmetinin arealı genişlənsin".
Samir Əliyevin sözlərinə görə, burada digər çıxış yolu var ki, bu
da Təminat Fondunun yaradılmasıdır: "Bunu da ya dövlət, ya özəl
şirkət, yaxud da hər ikisi birlikdə şərikli olaraq yarada bilərlər.
Təminat Fondu banklara hansısa problem olacağı təqdirdə riskləri
minimuma endirəcəyi barədə təminat verir. Yəni, təminat fondunun
yaradılması gələcəkdə bankların çəkinmədən kənd təsərrüfatı
sektorunun kerditləşdirməsinə imkan verir. Azərbaycanda da bu
fondun yaradılmasına böyük ehtiyac var. Bu fond yaradılarsa, artıq
kreditləşmə sahəsində kifayət qədər nailiyyət əldə etmək olar".