Şadlıq evləri üçün yeni standartlar
9 Dekabr 2012 11:21 (UTC+04:00)
2012-ci ildən etibarən şadlıq evlərilə bağlı tətbiq ediləcək
standartlarda istehlakçıları narahat edən məsələlər öz əksini
tapıb. Məlumatlara görə standartlar tətbiq ediləndən sonra şadlıq
evləri istehlakçılarla müqavilə bağlamaq məcburiyyətində
qalacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti
Xidməti qida məhsulları şöbəsinin müdiri Məsim Babayev bir müddət
öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, şadlıq evlərində
xaos hökm sürür. Hazır yeməklər soyuducuya qoyulmaq əvəzinə,
mətbəxlərdə saxlanır. Masaya qoyulan qidalar toy qurtardıqdan sonra
istifadədən çıxarılmaq əvəzinə yenidən növbəti toy üçün saxlanılır.
Məsələn, masanın üzərində soyuq yeməklər bir neçə gün istifadə
olunur. Xidmətçilər çəngəl-bıçaqları cibldərində gəzdirirlər.
Salatların, ayrı-ayrı qidaların hazırlanmasında normativlərə əməl
olunmur. Şadlıq evlərinə bir sıra hallarda real tutumlarından daha
çox qonaq dəvət olunur. Musiqi sədalarının yüksək həddə olması daha
dözülməz vəziyyət yaradır. Səsgücləndiricilərin qeyri-münasib
vəziyyətdə yerləşdirilməsi, qulaqbatıran musiqi sədası
iştirakçıların toylardan həzz almalarına, feyzyab olmalarına imkan
vermir.
O da məlumdur ki, şadlıq evlərilə istehlakçılar arasında
müqavilənin şərtləri hazır olmasa da, bu müqavilənin bağlanılmaması
anlamına gəlməməlidir. Şadlıq evləri göstərilən xidmətlər
müqabilində istehlakçıya qəbz ödəməlidir, qidaların keyfiyyətinə
dövlət təminatı olmalıdır.
Bundan başqa bəzi məlumatlara görə, şadlıq evlərinin interyeri və
xarici quruluşu ilə bağlı da standartlar hazırlanır. Gələn ildən
etibarən şadlıq evinin sahəsinin ölçüsünə uyğun olaraq masalar
qoyulacaq. Masalar, oturacaqların sayı, musiqi heyətinin
yerləşdirilməsi, akustika bundan sonra dövlət qaydaları ilə
tənzimlənəcək.
Bakıda və respublikanın digər rayonlarında qeyri-standart şadlıq
evlərinin sayının kifayət qədər olduğunu nəzərə alsaq onların bir
çoxunun bağlanacağını düşünmək olar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, şadlıq
evlərilə bağlı standartın layihəsi hazırlanır: "Layihə hazırda
ekspertiza mərhələsindədir. Layihə tamamlanıb təsdiqlənəndən sonra
onun barəsində ictimaiyyətə daha geniş məlumat verəcəik. Onu deyə
bilərəm ki, layihədə şadlıq evinin daxili quruluşu ilə bağlı
standartlar nəzərdə tutulub. İstər masaların sayı, yerləşdirilməsi,
rənglər, akustika, ansamblın yeri, iştirakçıların sayı barədə
standartlar nəzərdə tutulub".
Standartlara uyğun olmayan şadlıq evlərinin taleyinə gəlincə
F.Talıblı bildirdi ki, məqsədləri hansısa obyekti bağlamaq deyil:
"Şadlıq evlərində tərəfimizdən yoxlamalar aparılacaq. Standarta
uyğun gəlməyən şadlıq evlərinin rəhbərliyinə nöqsanları aradan
qaldırmaq üçün vaxt veriləcək. Əgər verilmiş vaxt ərzində
tövsiyələrimiz nəzərə alınmasa onların fəaliyyətinin dayandırılması
üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağıq".