Yağış daha böyük təhlükə vəd edir

9 Dekabr 2012 12:29 (UTC+04:00)
Məlumat verildiyi kimi bu günlərdə Badamdarda 20-ci sahə deyilən ərazidə baş verən sürüşmə nəticəsində uzunluğu 180-220, eni isə 25 metr olan sürüşmə zolağı əmələ gəlib. Baş vermiş hadisə ilə bağlı olaraq ərazidəki yoldan maşınların keçməsi də bir qədər çətinləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi Bəxtiyar Qaralov sürüşmənin səbəbinin ərazidə yeni tikilən evlərin kanalizasiya suyunun yamaca axıdılması ilə əlaqələndirmişdi.
Baş nazirin müavini Abid Şərifov isə açıqlamasında Badamdarda sürüşmənin davam etdiyini deyib. Onun söylədiyinə görə, yağan yağış və qar vəziyyəti daha da qəlizləşdirəcək. Maraqlıdır, nədən yağış və qar yağıntıları sürüşməni sürütləndirsin?
Ekoloq Telman Zeynalov bildirdi ki, sözügedən ərazidə acağların, yaşıllıqların məhv edilməsi vəziyyətində yağıntıların sürüşməni sürətləndirməsi istər-istəməz gözləniləndir: "Badamdardakı torpaq sürüşməsinin qarşısını kəsmək üçün ilk növdəbə yağan suların kənara axıdılması prosesi həyata keçirilməlidir. Bunun üçün də orada kanallar, su bəndləri çəkilməlidir ki, nədənsə bu tədbirlər görülməyib. Sürüşmənin qarşısının alınması üçün ana suxura qədər betonlu bəndlər qurulmalıdır. Bu prosesə də əməl olunmayıb. Belədə sözsüz ki, yağış yağdıqca həmin çatlar sürüşmənin yenidən təkrarlanmasını tezləşdirəcək. Ona görə də Abid Şərifovun yağış və qar yağdıqca Badamdardakı həmin ərazidə sürəşmənin davam edəcəyi fikrilə tam razıyam. Qarşıda həmin ərazilə bağlı nə qədər ki, yuxarıda sadaladığım tədbirlər həyata keçirilməyib, daha ciddi təhlükələr var. Vaxtilə regionlarda, dağətəyi zonalarda sürüşmələr baş verəndə akademik Həsən Əliyev terraslar düzəldərək ağacların əkilməsi yolu ilə onun qarşısını kəsirdi. Həmçinin betonlu kanallar tikilirdi ki, yağan yağıntının suları kənara axsın. İndi isə bu tədbirlər görülmür. Ancaq bina tikib ağacları qırır, yaşıllıqları məhv edirlər. Belə vəziyyət isə onu deməyə əsas verir ki, sürüşmənin meydana gəlməsində bəzi şəxslərin də "rolu" az deyildir. Sürüşmə təhlükəsinin güclənməsi Badamdardakı yola da təsirsiz ötüşməyəcək. Hərçənd ki, rəsmilər bunun əksini söyləyir. Bu halda yolun dağılma təhlükəsi daha realdır. Vaxtilə Badamdardakı həmin ərazidə çoxsaylı ağaclar əkilmişdi. İndi isə onlar məhv edilib. Belədə isə torpağın möhkəmliyi zəifləyir. Nəticədə də yağan yağışlar torpağı daha asan şəkildə yumşaldaraq onun sürüşməyə meyl etməsinə səbəb olur. Yəni bunu deməyimdən məqsəd odur ki, sürüşmənin sürətlənməsində yağıntının rolu vardırsa, yaşıllıq və ağacların olmamasının da bir başqa rolu vardır".
AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev isə qeyd edir: "Sürüşmənin qanuna -uyğunluğu belədir ki, qar və yağış suları maneəsiz olaraq ara çatlardan aşağıdakı gillə qatlara daxil olmaqla sürəşmə təhlükəsini dəfələrlə artırır. Belədə yağan yağıntı torpağın alt qatının yerindən tərpənməsinə və onun da nəticəsi olaraq üst qatda da sürüşmə təhlükəsinin sürətlənməsinə gətirib çıxarır. Badamdar zonasında da vəziyyət məhz bu cürdür. Həmin ərazidə ağacların qırılması, yaşıllıqların məhv edilməsi də yağıntıdan sonra vəziyyətin daha ağır olmasına rəvac verir. Ümumiyyətlə, son illər Badamdarda çoxsaylı binalar tikilir. Hasarlar çəkilib, su kommunikasiya xətlərində problemlər yaranır. Bütün bunlar eyni zamanda yağan yağıntılar həmin sürüşmə zonasını büsbütün məhv edəcək. Sadəcə olaraq bunun geci-tezi var. Ərazi nə qədər ki, insanın deyil, təbiətin təsiri altında idi, burada olan ağaclar sürüşmə təhlükəsini xeyli dərəcədə əngəlləyirdi. Artıq isə ərazidə geniş tikinti işlərinə vüsət verilib. Nəticədə təbiətə ciddi ziyan vurulur".