Bir ayın əsgər xəstəlikdən öldü, digəri intihar edib

10 Dekabr 2012 11:00 (UTC+04:00)

Bu gün Azərbaycan Ordusu iki əsgərini itirib. Movqe.Az-ın məlumatına görə, birinci hadisə Müdafiə Nazirliyinin hərbi hospitalında qeydə alınıb. Bir ay əvvəl hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, R. Mirzəliyev Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.

Bu gün ordu ilə bağlı başqa bir hadisə də qeydə alınıb. Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə 8 ay bundan əvvəl hərbi xidmətə çağırılan əsgər Zeynalov Zeynal özünü gülləyib. Qohumları isə onun başqası tərəfindən qətlə yetirildiyini iddia edir.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Movqe.Az-a bildiriblər ki, əsgər Zeynalov Zeynal tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Faktla bağlı Respublika Prokurorluğunda araşdırma aparılır.