"Səfillər " romanının yeni ekran versiyasının premyerasi olub

10 Dekabr 2012 15:45 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dahi fransız yazıçısı Viktor Hüqonun "Səfillər " romanın yeni ekran versiyası artıq hazırdır. Bu dəfə kinomanlar 19-cu əsr fransa həyatını myuzikal şəklində izləyə biləcəklər. "Səfillər" film-myuzikalının Londonda gerçəkləşən dünya premyerası məşhurların çıxışları ilə yadda qalıb. Ekran əsərində baş rolları canlandıran Russel Crou, Enn Hetvey və Hyu Jekman yüzlərlə fanatlarının qarşısına çıxıblar. Bu dəfə də qırmızı xalı üzərində bir araya gələn məşhurlar dünya klassik ədəbiyyatının ən gözəl nümunələrindən sayılan "Səfillər" əsərinin yeni ekran varantının tam fərqli olduğunu bildiriblər. Eyniadlı myuzikal əsasında ekranlaşdırılan filmdə məşhur Jan Valjan rolunu Avstraliyalı aktyor Hyu Cekman canlandırıb.
Aktyor Hyu Cekman filmdəki rolu ilə bağlı aşağıdakıları deyib: "Jan Valjan rolunu oynamaq hər zaman arzum olub. Onun kimi çətin, inadçıl eyni zamanda səxavətli bir insanı canlandırmaq o qədər də asan olmadı. Bir çox çətinliklərlə üzləşdim. Rejissor Tom Huper isə hər zaman dəstəyini göstərdi."
 "Səfillər" film myuzikalında ən yaddaqalan obrazlardan biri –Fantina rolunu ifa edən istedadlı aktrisa Enn Hetvey də təəssüratlarını bölüşüb. Min bir əziyyətlə kiçik qızı Kozettanı böyütməyə çalışan Fantina əsərin ən dramatik obrazlarından hesab olunur.
Səhnə tarixində ən dramatik rolunu oynadığını etiraf edən aktrisa Enn Hetvey filmin təsirli alındığını deyir: "Fikirləşirəm ki, bu obraz mənim yaradıcılığımın ən dramatik roludur. İndiyə qədər bir çox dramda rol almışdım....amma bunu xüsusi qeyd etməliyəm. Bilirəm ki çox təəsirlənəcəksiniz."
Rejissor Tom Huperin ekranlaşdırdığı dram-myuzikaldakı bütün ifalar elə aktyorlar tərəfindən səslənib. Viktor Hüqonun "Səfillər" romanı əsasında quruluş verilən eyniadlı myuzkal isə Eleyn Bublil tərəfindən hazırlanıb. Tom Huperin çoxdan ərsəyə gətirmək istədiyi film-myuzikaldakı mahnılar məşhur bəstəkar Klod Mişel Şonberqin məhsuludur. Ekran əsərində Kozettanın gəncliyini canlandıran və hər kəsin "Yeni hörümçək adam" fantastik filmindən yaxşı tanıdığı Amanda Seyfrid rolunu ifa edərkən çətinlik çəkdiyini bildirib.
"Filmdən əvvəl vokal dərsləri aldım. Düzü çox çətinlik çəkdim amma yaxşı alındı. Müğənnilik fikrində heç vaxt olmamışam....Filmi isə  mütləq izləyin." deyən aktrisa Amanda Seyfrid də öz rolundan razıdır.
Paris 1832-ci ildə çörək oğurluğuna görə həbs olunan Jan Valjan həbsxanadan qaçmağı bacarır. Bundan sonra o, polis məmnuru Javerlə revanşa hazırlaşır. Lakin hadisələr bununla yekunlaşmır. Filmin digər hissəsində Fantina ilə kiçik qızı Kozettanın həyat hekayəsi canlanır. Jan Valjan tərəfindən xilas olunan Kozetta illər sonra Mariusla tanış olur...Sevgi, qəhrəmanlıq, dostluq və həqiqi həyat hekayəsinin əks olunduğu "Səfillər" film-myuzikalı 25 dekabrdan ABŞ kinoteatrlarında nümayiş olunacaq. Britaniyalı kinomanlar isə ekran əsərini 11 yanvardan izləmək şansı qazanacaqlar.