Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
10 Dekabr 2012 17:14 (UTC+04:00)
Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil
müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin,
rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin,
elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı
qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Ulu
öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım
mərasimi keçirilmişdir.
İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik
sükutla yad etmişlər.
Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat
və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə
ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti,
siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən,
xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə
çevrilmişdi. Ulu öndərimizin, Fəxri xiyabandakı məzarı ötən illər
ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə
çevrilmişdir. Bütün il boyu insanlar bura gəlir, xalqımızı,
Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli
şəxsiyyətlərindən biri kimi tanınmış, şöhrət tapmış böyük
Azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini
əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət
idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir.
Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi
şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının
ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə,
cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi
deməkdir.
Bu da bir həqiqətdir ki, dünyada tanınan,
sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük
hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək
o qədər də asan deyil. Düşünürəm ki, insan daxilindən gələn səmimi
bir istəklə ulu öndərlə bağlı fikirlərini nə qədər bölüşsə də
Heydər Əliyev şəxsiyyətinin ucalığını tam əhatə edə bilməz.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi
qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai
həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər
Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan
milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa
bildiyimiz böyük Azərbaycanlı idi.
Ümummilli Lider Heydər Əliyevin adı
Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə edən
tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son
onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda
yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də
böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş
inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə
bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq,
onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində
inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya
vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də
müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün
fundamental əsaslar yaratmışdır. Ümummilli Liderin əzmkar
fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin
əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni,
istərsə də inkişaf prosesinin digər vacib sahələrində özünün yeni
intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının yenidən öz
hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz Ümummilli
Liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli
dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-cı illərin
əvvəllərindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların
qarşısı alınmış, yenicə müstəqillik əldə etmiş respublikamız
iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik,
dinamik inkişaf yoluna qədəm qoymuşdur.
"Azərbaycan tarixinin Heydər Əliyev
mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən
görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və
quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız
demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş,
xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə
siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
"Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır,
ədalət durmalıdır".- bu ideya və prinsiplər daim Heydər Əliyevin
həyat devizi, həyat amalı olub. Ümummilli Lderimiz bu istiqamətdə
zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər
formalaşdırıb. Heydər Əliyev tarixə ictimai-siyasi, sosial, mədəni,
iqtisadi proseslərin axarını dəyişməyi, istənilən vəziyyətdən öz
ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran
realist, praqmatik lider kimi düşüb.
Heydər Əliyev XX əsr Azərbaycan tarixində
təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş
lider kimi yox, həm də yaratdığı dövləti böyük əzmlə hər cür
qəsddən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun
hərtərəfli inkişafı üçün iqtisadi, siyası, hüquqi zəmin hazırlayan
böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.
"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" – deyən
Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş,
ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur.
Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı
gələcəyi naminə hətta zamanla belə cəngə çıxmış və arzuladıqlarına,
istədiklərinə nail olmuşdur. Bugünkü nəsl belə bir şəxsiyyətlə eyni
dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə
minnətdardır.
Heydər Əliyev böyük siyasət üçün yaranan,
təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin
həllində sözünü qətiyyətlə deyə bilən mahir siyasətçi idi. Dünyanın
ən görkəmli siyasət və dövlət xadimləri bir qayda olaraq Heydər
Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə
etiraf etmişlər. Təsadüfi deyildir ki, siyasətçilər bu dahi insanı
"liderlərin lideri" adlandırırdılar.
Bu dahi insanln siyasəti milli maraqlar üzərində qurulmuşdu. Onun
kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən,
incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı
bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam
tapmaq mümkün deyildir.
Ümummilli lider Heydər Əliyevi dünyasını
dəyişmiş insanlar cərgəsinə aid etmək olmaz. XX əsr və XXI əsrin
başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən
biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi
fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına
istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və
faydalanır. Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya
birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir
dövlətdir, imzalar içində millətimizin də imzası görünür. Məhz
ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi
nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz
təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi,
intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur.
İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox
məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı
tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də
beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak
edir.
Azərbaycan Respublikası Heydər Əliyev
siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət
müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi,
Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi
tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan
çıxmışdır. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları
nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük
öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun
siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə
aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha
olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə
davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı
əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər
Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir
və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu
öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və
dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını
beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla
həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir,
dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə
Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Tam qətiyyətlə deyə bilərəm ki, ulu öndər Heydər Əliyevin "şah
əsəri" olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı
İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf
edəcək, müəyyənləşdirdiyi strateci hədəflərə uğurla çatacaqdır.
Sonra əməkdar artist Ağalar Bayramov Vahid Əzizin "Heydərdən
öyrəndim bu ləyaqəti" şerini oxumuş, onun və Kəmalə Mehdiyevanın
ifasında Zəlimxan Yaqubun "Böyük ömrün dastanı poeması səslənmiş,
əməkdar artist Aygün Bəylərin ifasında "Elegiya", Arzu Əliyevatın
ifasında "Gözünə qurban" mahnısı mərasimi daha rəngarəng etmişdir.
İştirakçıların sürəkli alqışları ilə gənc və istedadlı müğənni
Ramin Qasımlvun ifasında Ulu öndərin ən çox sevdiyi mahnılarından
olan "Alagöz" və Təyyar Bayramovun ifasında "Küçələrə su səpmişəm"
mahnıları səslənmiş, Qara Qarayev adına Dövlət Kamera Orkestri
Fikrət Əmirovun "Nizami xatirəsinə" simfoniyasının finalını ifa
etmişdir.
Tədbir xalq artisti Ağadadaş Ağayev Ulu öndərə həsr olunmuş "Heydər
xalq" mahnısı ilə başa çatmışdır.