Keyfiyyətsiz dərmanlar hələ də sağlamlığımızı təhdid edir
10 Dekabr 2012 17:53 (UTC+04:00)
İqtisadçı ekspert Natiq Cəfərli Mövqe. Az saytına aşağıdakı
açıqlamanı verib: "İlk növbədə təbii ki, həmin dərman
pereparatlarının ölkəyə girişinə ciddi nəzarət olmalıdır ki, ölkəyə
öncədən saxta, keyfiyyətsiz dərmanların girişi qadağan olunsun.
Çünki, sərhəddə saxta, keyfiyyətsiz dərmanların ölkəyə girişinin
qarşısını almaq başqa tədbirlərdən daha effektli başa gəlir. Əsas
məsələ sərhəddə nəzarəti gücləndirməkdir. Bir də vaxtı keçmiş
dərmanların vaxt məsələsini düzəldərək yenidən satışa
çıxarılmasının da qarşısını almaq lazımdır. Bunun üçün də cəzalar
sərtləşdirilməlidir. Çünki, bir çox ölkələrdə belə hallara qarşı
çox sərt cəzalar tətbiq olunur. Azərbaycanda hələ ki bununla bağlı
cəzalar çox sərt deyil. Bizdə cəzalar lisenziyaların əlindən
alınması, xırda məbləğdə cərimələrdən o yana getmir. Mənə elə gəlir
ki, belə halların qarşısının alınması üçün sərt tədbirlərə ehtiyac
var. Çünki bu çox mühüm məsələdir və insanların sağlamlığı bununla
birbaşa əlaqəlidir.
Belə dərmanlar bəzi hallarda çox güman ki, xırda partiyalarla hər
hansı bir maşınlarda, nəzarətdən qaçırdaraq sərhəddən keçirilərək
gətirilir. Bəlkə də nəzarətdən yayınmaq üçün müxtəlif neqativ
hallar mövcud olur. Bunu sübut etmək çətindir.
Amma əsas məsələ təkcə saxta, keyfiyyətsiz dərmanların ölkəyə daxil
olması deyil. Əsas problemli məsələlərdən biri də vaxtı keçmiş
dərman vasitələrinin yeni qutularda qablaşdırılaraq bazara
çıxarılmasıdır. Bunun qarşısını almaq üçün ciddi nəzarət
mexanizmləri işlənilməlidir.
Mən düşünürəm ki, saxta dərmanlar qonşu ölkələrdən gətirilir. Bu
dərman pereparatlarının təyyarə vasitəsi ilə gətirilməsi çox nadir
hallarda baş verə bilər. Bu baş versə də, kiçik partiyalarla
mümkündür. İri partiyaların gətirilməsi demək olar ki, mümkün
deyil. Ona görə də, dərman preparatlarının qonşu ölkələrdən,
məsələn, Gürcüstandan, Rusiyadan və yaxud da İrandan Azərbaycana
keçirilməsi mümkündür".