Suriyadan Azərbaycana üz tutanlar var

11 Dekabr 2012 07:37 (UTC+04:00)

Suriyada cərəyan edən hadisələr fonunda hər gün bu ölkəni xeyli sayda insan tərk edir. Hazırda Türkiyə və İordaniyanı Suriyadan qaçqın düşənlər bürüyüb. Türkiyədə Suriya ilə sərhəd zonasında bu ölkədən qaçqın düşənlərin sayı 100 mini keçib. Belə məlumatlar da səslənir ki, Suriyadan müəyyən sayda qaçqın Azərbaycana da gəlib.

Onların əsasən Türkiyə vasitəsilə ölkəmizə gəldiyi bildirilir. Aydın məsələdir ki, Suriyada müharibə vəziyyətinə son qoyulmadıqca oranı tərk etmək məcburiyyətində qalanların sayı da durmadan artacaq. Belədə ölkəni tərk edənlərin təkcə Türkiyə və İordaniyaya deyil, digər dövlətlərə də səpələnə biləcəklərini gözləmək olar.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov suriyalı qaçqınların kütləvi halda ölkəmizə pənah gətirməsini istisna etdi. Onun fikrincə, olsa-olsa belə qaçqınların sayı bir neçə ailədən ibarət ola bilər: "Suriyadan ola bilsin ki, müəyyən sayda Azərbaycana üz tutan insanlar var. Lakin onların sayı çox azdır. Bizdə olan miqrantlarla bağlı siyahıda Suriyadan olan qaçqınlar yoxdur. Amma Azərbaycanda Suriyadan olan müxtəlif sayda qaçqınların olduğu bildirilir. Lakin onların miqrasiya üçün ölkəmizdə hara müraciət etdiyi barədə məlumatlar yoxdur. Burada onlara status verilməsi üçün kimlərlə əlaqə qurduğu kimi məsələlər də hələlik hansısa mətbuatda yer alsa da, konkret rəsmi məlumatlarla rastlaşmamışıq. Məsələ ondadır ki, Türkiyədən Azərbaycana Suriyalı qaçqınların gəlməsi ehtimalı çox azdır.

Türkiyənin Suriyaya ilə sərhəd ərazilərində bir neçə qaçqın şəhərciyi salınıb. Aşağı-yuxarı 130 minə qədər Suriyalı qaçqın Türkiyədə hazırda toplaşıb. Onlar da Türkiyə ərazisində kifayət qədər tam mühafizə olunan bir qədər yarımqapalı şəraitdə olan ərazilərdir. Hansı ki, həmin ərazilərdən Türkiyənin digər şəhərlərinə geniş miqyaslı köç edə bilmirlər. Onların bir neçə yerdə kompakt cəmləşməsi də göstərilən xidmətlərin effektiv şəkildə göstərilməsilə bağlı olan məsələdir. Çünki həmin şəhərciklərdə insanlara tibbi xidmət göstərilir, sanitar gigiyenik normalara riayət olunur. Bundan başqa Suriyalı qaçqınlar arasında sənədləri olmayan insanlar da az deyil. Onların gündəlik ehtiyaclarını ödəyə biləcək bir sıra digər məsələlər də var ki, onların təminatı məsələsi yalnız qaçqın şəhərciyinin mövcud olduğu məkanda mümkündür. Bu səbəbdən də Türkiyədəki qaçqın şəhərciyində olan qaçqınların oranı tərk etmək niyyətində olduğunu düşünmürəm. Ən azından onlar Türkiyənin digər bölgələrinə üz tutsalar, həmin problemlərlə üz-üzə qalacaqlar. Hazırda mövcud olan qaçqın şəhərciklərində isə onlara göstərilən xidmətlər Türkiyə hökuməti, Qızıl Ay Cəmiyyəti tərəfindən daha mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Belədə Suriyalı qaçqınlar heç də Türkiyənin müxtəlif şəhərlərinə səpələnmirlər. Bu baxımdan onların ölkəmizə gəlməsi onlar üçün heç də o qədər arzuolunan hal deyil. Ola bilsin, ölkəmizə üz tutan tək-tük Suriyalı qaçqınlar var. Onlar da kəskin depressiya içində olduqlarından Azərbaycana da üz tutublar. Yəni qaçqın şəhərciklərində göstərilən xidmətlərdən xəbərsiz olduqlarından sərbəst şəkildə fəaliyyət göstərirlər. Lakin onların sayı bir neçə nəfərdən ibarət ola bilər. Həmçinin, dil məsələsi də suriyalı qaçqınların ölkəmizə təşrif buyurmasına əngəl olan məqamlardandır. Onlar ərəb dilində danışırlar. Qaçqınlar da əsasən dil və mədəniyyət yaxınlığı olan ölkələrə üz tutur. Bu mənada Azərbaycana gəlmək istəyən suriyalı qaçqınlar arasında dil məsələsi özünü qabarıq şəkildə büruzə verdiyindən onlar ölkəmizə gəlməkdə o qədər də fəal deyillər. Deməli, dil məsələsində problemlər olduğundan Suriyalı qaçqınların kütləvi olaraq ölkəmizə gəlməsi bir qədər müşküldür. Onlar üçün bu mənada Suriyaya həmsərhəd olan ölkələrə, İraq, İordaniya və Türkiyəyə köç etməsi daha məqbuldur. Ona görə də Azərbaycan Suriyalı qaıçınların kütləvi axınına məruz qalan məmləkətlərdən deyil. Vaxtilə İraqdan ölkəmizə pənah gətirən qaçqınların sayı da 100-dən artıq olmamışdı. Baxmayaraq ki, bu ölkədən 100 minlərlə insan qonşu dövlətlərdə özlərinə sığınacaq tapmışdılar. Azərbaycana toplaşan 100-ə qədər iraqlı qaçqın da sonradan digər dövlətlərə keçərək məmləkətlərinə qayıtdılar".

Miqrasiya məsələləri üzrə digər ekspert Əlövsət Əliyev isə bildirdi ki, ölkəmizdə sığınacaq almaq istəyən bu qaçqınlar bura Suriyada hərbi əməliyyatlar başlamamışdan öncə gələnlərdir: "Azərbaycanda həqiqətən də Suriyadan gələn qaçqınlar vardır. Amma onlar heç də Suriyada hərbi əməliyyatlar başlanandan sonra gələnlərdən ibarət deyil. Hazırda ölkəmizə sığınacaq üçün müraciət edən suriyalı qaçqınlar ölkələrindəki hərbi əməliyyatlar başlamamışdan öncə Azərbaycana gələn insanlardır. Hansı ki, indi onlar geri qayıda bilmirlər. Ona görə də qaçqın statusu almaq üçün müraciət ediblər. Belələri bir neçə ailədən ibarətdir".