Kooperativ təsərrüfatların yaradılması gecikir

11 Dekabr 2012 07:42 (UTC+04:00)

Neçə müddətdir ki, ölkədə kooperativ təsərrüfatların yaradılacağına dair fikirlər səslənsə də, hələ də ortada real nəticə yoxdur. Bunun əsas səbəblərindən biri isə kooperativlər barədə hələ də hüquqi bazanın yaradılmamasıdır. Maraqlıdır ki, bununla bağlı müvafiq layihə artıq neçə ildir ki, Milli Məclisin komitə iclaslarında müzakirə edilsə də ortada real nəticə yoxdur.

Elə indinin özündə də Milli Məclisin komitə iclaslarında kooperativlərin yaradılması ilə bağlı yeni qanun layihəsi müzakirə olunur. Yeni qanuna görə, kooperativlər dövlət və bələdiyyə orqanları və digər hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarının və pərakəndə satış yerlərinin təşkilində iştirak edə və ya onları sərbəst təşkil edə bilərlər. Yəni qanun Konstitutsiyanın 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının fəaliyyətini, eləcə də kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək. Qanun qurucuları hesab edir ki, kənd təsərrüfatında istehsalı artırmaq üçün mütləq kooperativlərin yaradılması zəruridir.

Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov bildirir ki, yeni kooperativlərin yaranması kənd təsərrüfatında məhsuldarlığı artıracaq, eyni zamanda ixracın genişlənməsinə yardım edəcək.

Qeyd edək ki, qanun layihəsinin qəbulu 2013-cü ildə gözlənilir. Mütəxəssislər isə hesab edir ki, kooperasiyaların yaradılması Azərbaycan fermerləri üçün ilk növbədə xırda pay torpaqlarının birləşdirilməsi baxımından əhəmiyyətlidir. Yeni sistemin işə düşməsindən sonra idxalın minimuma endirilməsi də nəzərdə tutulur.

Lakin yuxarıda qeyd olunduğu kimi prosesin özü uzanır. Bundan başqa, ekspertlər qeyd edir ki, yaradılacağı halda ölkədə kooperativlərə çoxsaylı güzəştlər tətbiq olunmalıdır: onların güzəştli kreditləşmədən istifadəsinə imkan yaradılmalı, sığorta mexanizmləri təmin olunmalı, ixrac imkanlarını genişləndirmək məqsədi ilə kooperativlərin məhsulları xaricdə təbliğ edilməlidir. Eyni zamanda, kəndlilər kooperativlərə qoşulmağın faydasını dərk etməlidir.

Onu da bildirək ki, ərzaq sahəsində daha çox məhsul istehsalına nail olmaq üçün nəzərdə tutulan addımlardan biri ölkədə iri fermer təsərrüfatlarının yaradılmasıdır. Artıq yaxın vaxtlarda Azərbaycanda ilkin olaraq 1 iri fermer təsərrüfatı yaradılacaq. Kənd təsərrüfatı naziri İsmət Abbasov məsələ ilə bağlı qeyd edib: "İlkin mərhələdə Ağcabədi və Beyləqanda 4800 ha sahə ayrılıb. Artıq sahələrdə suvarma işinin aparılması üçün kanallar çəkilib və orada lazımi işlər görülüb. Düşünürəm ki, bu il ilkin iri fermer təsərrüfatının yaradılması işi həyata keçiriləcək. Bu torpaq sahələri fermerlərə müsabiqə yolu ilə veriləcək. Hesab edirəm ki, yaxın illərdə ölkə başçısının göstərişi ilə bu cür 50 iri fermer təsərrüfatı yaradılacaq".

Ekspertlər isə hesab edir ki, əslində, ölkədə daha çox iri fermer təsərrüfatı yaratmaq lazımdır. Əks halda nəzərdə tutulan qədər məhsul istehsalı mümkün deyil. Digər tərəfdən, ölkədə fermerlərin payına düşən torpaqların az olması da iri fermer təsərrüfatına tələbi artırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Polşada hər fermerin payına, orta hesabla, 10 hektar torpaq sahəsi düşür. Digər mühüm şərt isə belə fermer təsərrüfatını biznes fəaliyyətinə çevirməkdir. Məsələn, Türkiyədə fermerlik ailə təsərrüfatından biznes fəaliyyətinə çevrildikdən sonra inkişaf etməyə başlayıb. Məhz bu səbəbdəndir ki, Türkiyə kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə dünya ölkələri sırasında ilk onluqda qərarlaşıb. Halbuki, kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrinin həcmi Türkiyədən beş dəfə artıq olan Rusiya kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə dünya ölkələri sırasında ilk onluğa düşə bilməyib. Azərbaycanda isə kənd təsərrüfatı ilə məşğul olan hər bir ailə cəmi 1,5 hektar torpaq sahəsinə malikdir. Beləliklə, Azərbaycanda fermerlik əsas istehsal vasitəsindən olan torpağa malik olmaq üçün iri fermer təsərrüfatına ehtiyac böyükdür.

Hazırda inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativlərinin 2 fərqli forması fəaliyyət göstərir. Birinci forma istehsal kooperativləridir və aqrar istehsalın vahid müəssisə çərçivəsində təşkilini nəzərdə tutur. İkinci forma isə istehlak kooperativləridir. Ayrı-ayrı ölkələrin təcrübəsində bu cür kooperativlər istehsal mərhələsi istisna olmaqla məhsulun saxlanması, tədarükü, emalı və satışı mərhələsinin hər biri üzrə ayrılıqda və ya birlikdə yaradılır. Ekspertlərin fikrincə, kənd təsərrüfatı istehsalçılarının kredit kooperativlərinə dair hüquqi mexanizmlərin yaradılmasına da ehtiyac var. Xarici təcrübədə bu cür ittifaqlar üzvlərinin və dövlətin maliyyə dəstəyi ilə formalaşır, əsasən maliyyə-kredit institutlarına çıxışı olmayan xırda istehsalçıların maliyyə resurslarına olan tələbatını ödəyir. Qərbdə bu qurumlara kredit kassaları da deyirlər. İnkişaf etmiş ölkələrin az qala hər kəndində belə kassalar mövcuddur. Onlar rəqabət mühitində xırda fermerlərin iri kapitallı təsərrüfatlar tərəfindən udulmasına qarşı sipər rolunda çıxış edir.