"Diffamasiya haqqında" qanun gələn il qəbul oluna bilər

11 Dekabr 2012 07:50 (UTC+04:00)

Gələn il Azərbaycanda "Diffamasiya haqqında" qanun qəbul oluna bilər. Bunu ombudsman Elmira Süleymanova Bakıda "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbuluna böyük ehtiyac var. Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub və 2013-cü ildə parlamentin gündəliyinə çıxarılması və qəbulu tövsiyə olunub.

O deyib: "Hazırda Azərbaycanda kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması nəzərdə tutulduğundan belə qanunun qəbulu labüddür. Bu qanun qəbulundan sonra ölkədə jurnalistlər şərəf və ləyaqətin təhqirinə görə cinayət işinin açılması deyil, müəyyən cərimələr tətbiq oluna bilər. Mən "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun tərəfdarıyam. Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət, eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəmləşdirən hər bir dövlətin ümdə vəzifələrindən sayılır".