Müsavat qurultay bəhanəsini davam etdirir

11 Dekabr 2012 10:12 (UTC+04:00)
Müsavat Partiyası növbəti qurultayı bundan hələ iki il əvvəl baş tutmalı olduğu halda indiyə qədər bu prosesin keçirilməsi müxtəlif bəhanələrlə təxirə salınr. Qeyd edək ki, Müsavatın qurultayı nizamnaməyə görə 4 ildən bir keçirilməlidir. Onların sonuncu qurultayı isə 2006-cı ildə baş tutub. Partiya bu ilin əvvəlindən başlayaraq qurultayını keçirəcəyi barədə cəmiyyətə mesajlar yolladı. Hətta bir neçə dəfə qurultayın vaxtını da elan etmişdilər.

Lakin hər dəfə də müxtəlif bəhanələr gətirməklə qurultayın keçirilmə vaxtını ertələyirdilər. Bəhanə kimi də guya iqtidarın tədbiri keçirmək üçün partiyaya münasib yeri verməməsilə əlaqələndirdilər. İddia edirlər ki, Müsavatın qurultayında qonaqlarla birgə minə yaxın insan iştirak edəcək, lakin təklif olunan məkanlar buna imkan vermir. Hətta Müsavat Partiyası ali tədbirini xarici ölkələrin birində keçirəcəyilə bağlı fikirləri də ortaya atdı. Mətbuatda bu istiqamətdə guya Gürcüstan hökumətilə ilkin şifahi razılığın əldə olunduğuna dair məlumatlar da yer almışdı.

Söz yox ki, Müsavat Partiyası və onun rəhbərliyi əslində yer məsələsini gündəmə gətirməklə əslində prosesdən özləri üçün müəyyən dividend götürməyə çalışır. Bu təşkilat qurultay məsələsindən sui istifadə etməklə iqtidarın guya müxalifət düşərgəsində olanlara tədbirlərini keçirmək üçün münasib yer ayırmadığı illyuziyasını formalaşdırmaq niyyətini güdür. Digər tərəfdən bilirik ki, İsa Qəmbərin nizamnaməyə uyğun olaraq yenidən başqa olması mümkünsüzdür. Bu isə partiyaya yeni rəhbərliyin gəlməsi deməkdir. Görünür, bu amili nəzərə alaraq İsa Qəmbər hər vəchlə çalışır ki, qurultayın keçirilmə vaxtı uzansın.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bununla bağlı bildirir: "Əslində siyasi partiya liderlərinin uzun müddət partiyada sədr olaraq qalmasını və belədə təşkilatın nizamnaməsini pozması halları artıq adət halına çevrilib. Demək olar ki, əksər müxalifət partiyalarında bu kimi eyni hal müşahidə edilməkdədir. Müsavat partiyası qurultay keçirmək adı ilə guya meriyaya müraciət edir, amma onlara yer ayrılmır. Belədə onlar qonşu Gürcüstana müraciət edirlər. Bütün bunların hamısı əslində qurultayın keçirilməməsinə xidmət edən amildir. Dəfələrlə parlament seçkiləri ərəfəsində də anoloji halların şahidi olmuşuq. Proqnozlarıma görə, Müsavat başqanı prezident seçkilərinə qədər qurultayın keçirilməsinə imkan verməyəcək. Qurultay ola bilsin prezident seçkilərindən sonrakı mərhələyə qalsın. Əslində belə metoddan məqsəd başqanı gündəmdə saxlamağa xidmət edir. Qurultayın ertələnməsi bir siyasi gedişdir. Çox güman ki, İsa Qəmbər təqaüdə də Müsavat sədri kimi gedəcək".

Millət vəkili Fəzail Ağamalının məsələyə cavabı isə qısa və konkret oldu: "Müsavatın qurultay məsələsi mənasız və səviyyəsiz bir oyundur".

Belə fikirlər də səslənir ki, Müsavat Partiyası vaxtaşırı olaraq özünün qurultay məsələsini ortaya atır və onu gündəmdə saxlamaq istəyir. Halbuki indiyə kimi adıçəkilən partiyanın Azərbaycanın inkişafına yönəlik proqramları, ölkənin problemləri ilə bağlı həll variantları olmayıb, onları ortaya qoya bilməyib. Odur ki, bəzi ekspertlərə görə qurultay məsələsi Müsavat Partiyası tərəfindən süni yaradılmış bir məsələdir. Çünki, əslində qurultay keçirmək üçün dəfələrlə hakimiyyət tərəfindən bu partiyaya yerlər təklif olunub və Müsavat da bunun əvəzində müxtəlif bəhanələrlə bu yerlərdən imtina edib. Əslində Müsavat Partiyasının daha çox özünün marağındadır ki, qurultay keçirilməsin. Çünki onlara təzə yer ayrılarsa və qurultay keçirilərsə, o zaman onların yenidən gündəmdə qalmaq üçün mövzuları, bəhanələri olmayacaq. İkincisi, Müsavat daxilində İsa Qəmbərdən sonra yeni başqanlıq uğrunda güclü mübarizə gedir və bu partiyada güclü daxili qarşıdurma var. Həmçinin, dəfələrlə özünün başqanlıqdan gedəcəyini elan etməsinə baxmayaraq, Müsavat başqanı əslində qurultay məsələsini bəhanə edərək, partiya hakimiyyəti ömrünü uzatmağa çalışır.