“Qəbələ RLS-dən artıq bu obyektə ehtiyacımız qalmadığına görə imtina etmişik”
11 Dekabr 2012 11:51 (UTC+04:00)
"Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarəsini
dayandırması qərarı ilk növbədə bu hərbi obyektin praktiki
istifadəsinin zəruri olmaması ilə əlaqədardır. Köhnəlmiş RLS-ləri
artıq "Voronej" tipli yeni nəsil stansiyalar əvəzləyir". Bu
açıqlamanı "Ria Novosti"yə Rusiya Müdafiə Nazirliyindəki mənbə
verib.
Mənbə bildirib ki, əvvəllər Qəbələ RLS-in üzərinə düşən vəzifələri
Armavirdə yerləşən yeni nəsil "Voronej DM" raket hücumundan
xəbərdarlıq sistemi öz üzərinə götürməyə qabildir: "Bu stansiyanın
sınaqları ilin sonuna kimi başa çatacaq. Obyekt 2013-cü ilin ilk
rübündə döyüş növbəsinə başlayacaq".
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Peçora,
Barnaul, Yeniseysk və Olenoqorskda yeni nəsil radiolokasiya
stansiyalarının tikilməsi ehtimalını nəzərdən keçirəcəyini bəyan
etmişdi.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Qəbələ RLS-in
istismarının rəsmən dayandırıldığına dair dünən Azərbaycana rəsmi
nota təqdim edib.