Türkiyə ilə dostluğumuz əbədidir
11 Dekabr 2012 17:20 (UTC+04:00)
"Türkiyə həmişə Azərbaycanın haqlarını müdafiə edəcək". Bu fikri
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf
partiyasının cari ilin sentyabr ayında keçirilən qurultayında
səsləndirib. Baş nazir birmənalı şəkildə bəyan edib ki, Ermənistan
Azərbaycan torpaqlarını azad etməyincə, onunla siyasi, iqtisadi və
diplomatik əlaqələr qurulmayacaq və bu işdə bizə heç kəs mane ola
bilməz.
Qeyd edək ki, eyni fikirləri Azərbaycanda diplomatik fəaliyyətini
başa vurmuş keçmiş səfir Hulusi Kılıç da səsləndirmişdi. Səlahiyyət
müddətinin başa çatması ilə bağlı Bakıda keçirdiyi son mətbuat
konfransında səfir bir daha bəyan etmişdi ki, Azərbaycanın haqlı
davasında Türkiyə həmişə onun yanında olacaq. Bütün bunlar onu
göstərir ki, Azərbaycan Türkiyə dostluğu və qardaşlığı dərin tarixi
köklərə malikdir. Qeyd edək ki, ölkələrimiz arasında olan dostluq
münasibətləri həm Türkiyədə, həm də Azərbaycanda yüksək
dəyərləndirilir. Deyilənlər bu günlərdə İstanbul şəhərində
sakinləri arasında keçirdiyimiz sorğuda da öz təsdiqini tapdı.
Müsahiblərim birmənalı olaraq bildirdilər ki, Türkiyə- Azərbaycan
münasibətləri xalqlarımızın tarixi qədər qədimdir və milli köklərə
söykənir: "Bizim dilimiz, dinimiz birdir, adət-ənənələrimiz eyni
kökdən gəlir. Bu yaxınlıq, faktiki olaraq, qardaşlıq
münasibətlərimizin tarixində də özünü göstərməkdədir. Hələ ötən
əsrin əvvəllərində erməni faşistləri rus bolşeviklərinin dəstəyi
ilə Azərbaycanda qırğın törədəndə Türkiyə kömək əlini uzatdı və
Azərbaycanlı qardaşlarımız bu ağır fəlakətdən qurtardı".
Xatırladaq ki, XX əsrdə ikinci dəfə Azərbaycan xalqı müstəqillik
qazandıqdan sonra da bu müstəqilliyi tanıyan ilk ölkə Türkiyə
Cümhuriyyəti oldu. Azərbaycanın ümummilli lideri Heydər Əliyev isə
bu dostluq və qardaşlığı daha da dərinləşdrərək "bir millət iki
dövlət" mərhələsinin əsasını qoydu.
Söhbətləşdiyim şəhər sakinləri isə ölkələrimiz arasında
münasibətlərin inkişaf edərək digər sahələrə də yol acdığını
bildirdilər. Qeyd edək ki, əksər ekspertlər də son illər
Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə inkişaf
etdiyi qənaətindədirlər. Rəsmilərin bildirdiyinə görə, yaxın illər
ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi
10 milyard dollara, qarşılıqlı investisiyanın həcmini isə 20
milyard dollara çatdırılması gözlənilir. Araşdırmalarımız
nəticəsində bir daha məlum oldu ki, hazırda iki ölkə arasında bütün
sahələrdə münasibətlər yüksək səviyyəyə çatıb. Belə ki, təkcə son 4
ildə Azərbaycana Türkiyədən 40-a yaxın yüksək səviyyəli səfərlər
olub. Bir sözlə Azərbaycan-Türkiyə dostluğu "bir millət, iki
dövlət" ifadəsini tam ehtiva edir.
Statistik məlumatlar onu göstərir ki, son illər ölkələrimiz
arasında 148 mühüm sənəd imzalanıb. Ankara Ticarət Palatasının
məlumatına görə, Türkiyənin Azərbaycanda birbaşa investisiyaları
3,8 milyard dolları ötüb.
Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə
"Petkim" neft-kimya kompleksinin ərazisində neft emalı zavodunun
tikintisinə investisiya qoyması ilə Türkiyə və Azərbaycan arasında
investisiyaların ümumi həcmi 15 milyard dolları keçəcək. Hər iki
ölkə rəsmilərinin sözlərinə görə, yaxın tezlikdə istifadəyə
veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatması
hər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə
növbəti nəfəs verəcək. Bu yolun tikintisinin isə yaxın aylarda başa
çatdırılması gözlənilir. Xəttin istifadəyə verilməsindən sonra 1,2
mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə
dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. Ton yük
daşıması olacağını təxmin edilir. Bakı-Tiflis-Qars xətti, Marmaray
və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə
deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən
sərfəli və etibarlı variantı halına gələcək.