Sanitar-gigiyenik pasportu olmayan maşınlar
11 Dekabr 2012 17:37 (UTC+04:00)
Sağlam, xəstəliklərdən uzaq həyat tərzi sürmək istəyiriksə, ilk
öncə qəbul etdiyimiz qidanın keyfiyyətli olmasına diqqət
yetirməliyik. Lakin bu təkcə bizdən asılı olan məsələ deyil.
Sağlamlığımızda məsuliyyətin böyük bir hissəsi də ərzaq istehsal
edən müəssisənin üzərinə düşür. Lakin məsələ bununla da
tamamlanmır. Ərzaq daşıyan avtonəqliyyat vasitələri, onların
tələblərə cavab verməsi də burada az rol oynamır. Çünki, əgər ərzaq
sanitar-gigyenik tələblərə cavab verən maşınlarda daşınmırsa,
məhsul öz keyfiyyətini itirə bilər.
Təəssüf ki, bu gün ölkəmizdə ərzaq daşıyan maşınlardan çox az qismi
tələblərə cavab verir . Onu da bildirək ki, əslində, ərzaq daşıyan
hər bir maşında sanitar-gigyenik pasport olmalıdır. Lakin
əksəriyyətində bu yoxdur.
Bəs gəlin baxaq görək bu məsələ necə tənzimlənir? Problemi aradan
qaldırmaq üçün hansı addımlar atıla bilər?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Vaqif Əsədov məsələ ilə bağlı Mövqe. Az saytına
aşağıdakı açıqlamanı verib: "Xüsusi təyinatlı avtonəqliyyat
vasitələri var. Bu gün ərzaq daşıyan maşınlar üçün qeyd edilən
xüsusi avtomobillərin itismarına icazə verilir. Bakı Şəhər Dövlət
Yol Polis İdarəsinin əməkdaşları gündəlik təhkim edildiyi ərazi
üzrə bu məsələyə də xüsusi diqqət yetirir. İstənilən nəqliyyat
vasitəsində ərzaq məhsullarından olan çörəyin və digər qida
məhsullarının daşınması halları var. Bizim tərəfimizdən həmin tipli
avtomobilləri idarə edən sürücüləri məsulliyətə cəlb etməklə bunun
qarşısını almağa çalışırıq. İlin əvvəlindən bu günə qədər təqribən
338 min inzibati protokol tərtib edilib. Təxminən bundan 300-ə
yaxın inzibati protokol edilən sürücü məhz belə xətalara görə
saxlanılıb. Əsasən belə hallar Rusiya istehsalı olan avtomobillərlə
həyata keçirilir. Ərzaq daşıyan maşınların sanitar-gigyenik
pasportu olmalıdır. Əlbəttə ki, bu, bizim tərəfimizdən yoxlanılır.
Bu işləri bizə verilən səlahiyyət çərçivəsində yerinə yetiririk.
Yükdaşınma qaydalarının pozulmasına görə məsuliyyət tətbiq edilir.
Bütövlükdə ərzaqların daşınması üçün nəzərdə tutulmuş xüsusi
nəqliyyat vasitələri olmalıdır. Bəzi avtomobillərin soyuducusu var.
Yəni burda qida məhsullarından tez xarab olanları soyuducu ilə
daşınır. Qida məhsullarının daşınması üçün avtomobillər var və
daşınma bunlar vaitəsi ilə həyata keçirilməlidir. Ancaq buna
baxmayaraq, özəl avtomobilləri olan, gigiyenik qaydalara əməl
etməyən qida məhsullarını daşıyan sürücülər bizim tərəfimizdən
aşkar edilib və barələrində inzibati protokol yazılıb".
Respublika Sanitar Epidemiologiya Mərkəzinin qidalanma
gigiyenası bölməsinin müdiri İmran Abdullayev məsələ ilə bağlı
Mövqe. Az-a verdiyi açıqlamasında aşağıdakıları qeyd edib: "Bizim
tərəfimizdən buna nəzarət olunur.
Bəzi obyektlərinin şəxsi maşınları olsa da, digərləri başqa
maşınlarda, avtomobillərdə, harda gəldi çörək məmulatları
daşıtdırırlar. Bütün bunlar sanitar-gigiyenik qaydaların pozulması
ilə yanaşı həmin məmulatların keyfiyyətlərinə də birbaşa mənfi
təsir göstərir. Məhsulları gətirən avtomobillərdən müəssisə
sanitar-gigyenik pasportun olub-olmamasını tələb etməlidir.
Məsələnin həlli üçün biz müvafiq təklif ləri yazıb aidiyyatı
qurumlara göndərmişik. Çörəklə bağlı Nazirlər Kabinetinə
ünvanladığımız təklifdə avtonəqliyyat vasitələrinin
sanitar-gigyenik pasportunu yoxlayan orqanın müəyyənləşdirilməsi
məsələsini də qeyd etmişik. Lakin biz yolda gedən avtomobili
saxlamaq səlahiyyətinə malik deyilik".
Belə halların qarşısını almaqdan ötrü İmran Abdullayev
qanunvercilik aktının hazırlanmalı olduğunu deyib: "Atıla biləcək
ən başlca addım qanunvericilik aktının hazırlanmasıdır.
Qanunvericilik aktı hazırlanmalı və bu mexanizm işə düşməlidir".