Bələdiyyələrin birləşdirilməsi zərurətə çevrilir

11 Dekabr 2012 18:02 (UTC+04:00)
Bu gün aktkalığını qoruyan ən önəmli məsələlərdən biri də ölkəmizdə bələdiyyələrin sayının azaldılaraq onların daha səmərəli formada fəaliyyətiən nail olmaqdır. Xatırladaq ki, Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. Yaradılan zamanı ölkədə cəmi 2669 bələdiyyə fəaliyyət göstərdiyi halda, sonradan onların sayı artaraq 2009-cu ildə özünün pik həddinə - 2757-yə çatdı. Aparılmış tədqiqatlar, ekspert rəyləri və beynəlxalq təcrübə göstərdi ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin həddən artıq kiçik ölçülü olması və sayının çoxluğu yerli özünü idarə institutunun inkişafına mane olan əsas amillərdəndir. Bundan sonra bələdiyyələrin sayı azaldılaraq 1718-ə endirildi. Lakin bu say da ərazisi kiçik olan ölkəmiz üçün çoxdur. Məsələn, Danimarka, Bolqarıstan və digər inkişaf etmiş ölkələrdə 80-200 arası bələdiyyə mövcuddur Qeyd edilənlər fonunda bələdiyyələrin birləşdirilməsi məsələsi indi də öz aktuallığını itirməyib.
Bəs həqiqətənmi buna ehtiyac var? Bələdiyyələrin birləşdirilməsi idarəçilikdə hansı müsbət nəticələrə gətirib çıxarda bilər?
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli məsələ ilə bağlı Mövqe. Az-a verdiyi açıqlamada bələdiyyələrin sayının azaldılmasına ehtiyac olduğunu deyib: "Bu gün Azərbaycanda 1718 bələdiyyə fəaliyyətdədir.
Bələdiyyələrin birləşdirilməsi ideyası isə sonuncu bələdiyyə seçkisi öncəsi aktuallaşdı. Bələdiyyələr də birləşdirmə məsələsinə çox ciddi diqqət yetirdilər. Hardasa 1000-ə qədər bələdiyyə birləşdirildi. Amma yenə də bələdiyyələrin birləşdirilməsi aktual olaraq qalır. Niyə qalır? Ona görə ki, Azərbaycan kimi ərazisi kiçik olan bir dövlətdə 1700-dən çox bələdiyyənin olması hədsiz dərəcədə çoxdur. Bunun azaldılmasına yenidən ehtiyac vardır. Növbəti bələdiyyə seçkiləri zamanı bu məsələnin yenidən qaldırılması və bələdiyyələrin sayının 500 ətrafında olması daha məqsədəuyğundur. Əvvəl rayonlar var idi ki, 110 bələdiyyəsi vardı. Yəni hər kiçik kənddə bir bələdiyyə vardı. İndi say azaldılıb. Amma yenə də onların vahid şəkildə idarəsinə ehtiyac vardır. Niyə? Çünki, çoxluq olmaqla iş getmir. Ona görə ki, bələdiyyələrin maliyyəsi yoxdur. Bu istiqamətdə maliyyənin təmərküzləşməsinə, bir mərkəzdən idarə olunmasına, vergilərin yığımında müəyyən aktivliyə birləşdirmə məsələsi təkan vermiş olacaq. Buna görə düşünürəm ki, istənilən halda bu məsələ aktual olaraq qalır və növbəti bələdiyyə seçkiləri zamanı məsələnin aktuallaşdırılmasına önəm vermək lazımdır.
Lakin təkcə bələdiyyələrin birləşdirilməsi ilə də bu sistemin üzləşdiyi problemləri həll etmək mümkün olmayacaq. Bütövlükdə köklü dəyişikliklər, bələdiyyənin fəlsəfəsinə olan baxışı dəyişməklə və bu istiqamətdəki problemlərin kompleks şəkildə həll edilməsi ilə bələdiyyələrin qarşılaşdığı problemləri həll edə bilərik.
İstənilən halda bələdiyyələrin birləşdirilməsi Azərbaycan bələdiyyəsində idarəçilik nöqteyi-nəzərdən müəyyən çevikliyə, operativliyə, maliyyənin təmərküzləşməsinə və digər məqamlara çox müsbət təsir edə bilər. Bir sovetlikdə bəzən 2-3 bələdiyyə fəaliyət göstərir. Bunların mərkəzləşdirilməsi yerli əhəmiyyətli məsələlərin tezliklə, operativ şəkildə həll etməsinə kömək edəcək. Ona görə ki, bələdiyyənin özünün anlayış kimi açılışında belə bir anlayış var ki, yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etməlidir. Həmin o prosesin həyata keçirilməsi idarəçilik məsələləri ilə bağlı prosesi sürətləndirəcək. Sonda bələdiyyə seçkisində iştirak edən vətəndaşların problemləri sürətlə öz həllini tapacaq".
İqtisadçı ekspert Azər Mehtiyev məsələ ilə bağlı Mövqe. AZ-a açıqlama verib: "Bu proses çox önəmlidir. Azərbaycanda bələdiyyələrin müəyyən qədər birləşdirilməsinə ehtiyac var. Bu proses davam etməlidir. Ancaq bununla yanaşı, Azərbaycanda daha çox ehtiyac duyulan məsələlərdən biri ikipilləli bələdiyyə sisteminə keçiddir. Azərbaycanda kənd bələdiyyəsləri var. Lakin heç bir halda kənd bələdiyyələri normal fəaliyyət göstərib vəsait toplamaq iqtidarında deyil. Kənddə həll edilməsi lazım olan məsələlər yalnız kənd çərçivəsi həcmindəki məsələlər deyil, bununla yanaşı digər kəndlərlə əlaqəli məsələlərin həllinə ehtiyac yaranır. Əslində regionlar üzrə idarəetmə qurulsa, daha yaxşı olar. İdarəetmə şurası olur. Birinci səviyyə kənd bələdiyyəsidirsə, ikinci səviyyə region bələdiyyəsi olur. Həmin region bələdiyyəsi regionun inkişafına çalışır. Bu baxımdan bizdə islahatlara ehtiyac var. Həm bələdiyyələrin birləşdirilməsinə, həm də ikipilləli bələdiyyə sisteminə keçidə.
Bələdiyyələrin birləşdirilməsi ilk növbədə onların maliyyə imkanlarının genişlənməsinə gətirib çıxaracaq. Bu çox önəmlidir. İkincisi, bu, daha çevik qərarın qəbul edilməsinə şərait yaradacaq. Bələdiyyələrin böyüdülməsi bələdiyyə işinə daha ciddi münasibət formalaşdıra bilər".