BSU-da Konstantinos Kavafisin şeirlərindən ibarət kitab işıq üzü gördü

11 Dekabr 2012 18:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, YUNESKO Yunanıstanın tanınmış şairi Konstantinos Kavafisin anadan olmasının 150-ci ildönümü münasibətilə 2013-cü ili Kavafis ili elan edib.
Xatırladaq ki, Konstantinos Kavafis 29 aprel 1863-cü ildə Misirin İskəndəriyyə şəhərində tacir ailəsində  dünyaya göz açmışdır. 1904 və 1910-cu illərdə çap etdiyi "Şeirlər" kitabını geniş oxucu kütləsinə təqdim etmiş və müasir yunan dilində yazan ən görkəmli şairlərdən biri kimi tanınmışdır.
Konstantinos Kavafisin yubileyi ilə əlaqədar Bakı Slavyan Universitetində fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən şairin  şeirləri Azərbaycan dilinə tərcümə olunmuş və universitet tərəfindən çap edilmişdir.
11 dekabr tarixində BSU-da dahi yunan şairi Kavafisin seçilmiş şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirildi və bununla YUNESKO tərəfindən K.Kavafislə bağlı dünyada keçiriləcək silsilə tədbirlərə start verildi.  Nəzərə çatdıraq ki, tədbir Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin himayəsi ilə həyata keçirilir.
Tədbirdə Yunanıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab İoannis Metaksas, səfriliyin əməkdaşları, UNESCO-nun AzərbaycanRespublikası üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Milli Məclisdə Azərbaycan-Yunanıstan Dostluq Qrupunun üzvü İqbal Məmmədov və Bakıda yaşayan yunanlar iştirak edirdilər.
Mərasimdə qonaqları salamlayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev bu tədbirin universitetdə keçirilməsindən şad olduğunu bildirdi: "Kitabın nəşri Kavafis kimi dahi yunan şairini Azərbaycan oxucusuna yaxınlaşdırmaq anlamında qiymətlidir. Eyni zamanda, kitabın maraqlı tərtibatı onun gələcəkdə təlim və tədris prosesində çox böyük rol oynayacağına inandırır. Belə ki, bu kitab vasitəsilə təkcə yunan poeziyasının görkəmli nümayəndəsi ilə tanış olmaq  deyil, eyni zamanda Azərbaycan dili vasitəsilə yunan dilini bir daha dərindən öyrənmək üçün əhəmiyyətli olacaq". Rektor onu da qeyd etdi ki, bu toplunun nəşri ilə UNESCO tərəfindən elan edilən dünyaca məşhur yunan şairinin 150-illik yubileyinə həsr olunmuş 2013-cü ilə – Konstantinos  Kavafis ilinə aid silsilə tədbirlər başlayır, bu da bizdə xüsusi şərəf və qürur hissi oyadır. Bu bizim tərəfimizdən böyük filosof və lirik şairin xatirəsinə ən böyük etiramın əlamətidir. Sonda professor K.Abdullayev Yunanıstanın Azərbaycandakı səfirinə cənab İoannis Metaksasa hazırki toplunun nəşri üçün göstərdiyi səylərinə görə minnətdarlığını bildirdi. Həmçinin, BSU tələbələrinin elm, təhsil, mədəni-maarif həyatında fəal iştirak etdiklərinə görə səfirliyin bütün əməkdaşlarına, kitabın nəşrində yaxından iştirak etmiş universitet tələbələri və əməkdaşlarına təşəkkür etdi: "Ümid edirəm ki, biz ikitərəfli əlaqələrimizi, xüsusilə ədəbi əlaqələrimizin möhkəmlənməsi naminə yaradıcı əməkdaşlığımızı davam etdirəcəyik".
Yunanıstanın Azərbaycandakı səfiri cənab İoannis Metaksas öz çıxışında kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsin əməyini təqdirəlayiq hesab etdi: "Qürur hissi keçiririk ki, Müasir Ellinizmdə Kavafis kimi şair yetişib, bu isə öz növbəsində yunanların ümumbəşəri mədəniyyətə öz töhvələrini verməkdə davam etdirdiklərinə sübutdur. Kavafis adi şair deyil. O, bütün fəlsəfi fikirlərini bu gün danışılan yunan dilinə daha yaxın bir dildə ifadə edən dahi filosofdur". Səfir BSU-nun rektorunu bu kitabın nəşri ilə təbrik etdi və onun ərsəyə gəlməsində bütün əməyi keçənlərə dərin təşəkkürünü bildirdi.
UNESCO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Azərbaycan-Yunanıstan Dostluq Qrupunun üzvü İqbal Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini bir daha vurğuladılar. Bildirdilər ki, bu cür nəşrlər iki ölkə arasında mədəni əlaqələrin inkişaf etməsinə öz töhvəsini verəcəkdir.
Sonda Kavafisin şeirləri səsləndiridi və onun həyat və yaradıcılığına həsr olunmuş film nümayiş olundu.