Banklara qoyulan girovlar daha tez əldən çıxa bilər

12 Dekabr 2012 07:09 (UTC+04:00)
Məlumat verildiyi kimi Azərbaycanda "Təminatlı əqdlər haqqında" qanun layihəsində kredit vaxtında qaytarılmadığı təqdirdə girov qoyulan əşyanın kreditorun mülkiyyətinə məhkəməsiz keçməsi nəzərdə tutulub. Qanunun müəlliflərindən olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin baş hüquqşünası Leyla Məmmədova bununla bağlı bildirib:
"Təklifimiz budur ki, təminatlı əqdlər sistemi kimi sadə proses üçün məhkəmə prosedurları kifayət qədər ağır olduğuna görə burada sadələşdirmə aparaq. Çünki bu gün qanunvericilikdə nəzərdə tutulan müflisləşmə proseduraları inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun gəlmir. Azərbaycan bu sahəni inkişaf etdirmək istəyirsə, yenilikləri nəzərə almalıdır. O cümlədən, kreditlər üzrə öhdəliklərin ödənilməsi üzrə proseduralar da sadələşdirilməlidir".
Bilindiyi kimi isə hazırda ölkədə problemli kreditlərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Banklar isə hər vəchlə çalışırlar ki, əhalidən verdikləri krediti geri qaytara bilsinlər. Buna nail olmaq üçün də müxtəlif yollar arayırlar. Görünür, kreditin faxtında qaytarılmadığı təqdirdə girovun məhkəmənin qərarı olmadan da kreditorun sərəncamına keçməsi təklifi də məhz bundan qaynaqlanır. Görəsən, belə bir təklifin reallaşması nə dərəcədə məqsədəuyğundur?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sözügedən məsələdə kreditorların mövqeyinin artırılmasının doğru yanaşma olmadığını bildirdi: "Dünya miqyasında məhkəmənin qərarı olmadan kredit vaxtında qaytarılmadıqda girov qoyulan əmlakın kreditorun hesabına köçürülməsi praktikası yoxdur. Birmənalı şəkildə kredit üzrə borclar yaranarsa, buna görə girovlar yalnız məhkəmənin qərarı olduğu halda kreditorun hesabına keçə bilər. Bu baxımdan kreditin vaxtında qaytarılmadığı təqdirdə qoyulan girovun məhkəmə qərarı olmadan kreditorun nəzarətinə keçməsi praktikasının ölkəmizdə tətbiqi məqsədəuyğun deyil. Dünya praktikasında bu yoxdursa, uyğun olmayan praktikanın Azərbaycanda tətbiqi təbii ki, arzuolunan deyil. Digər tərəfdən, bu hal heç də borclar problemini həll etməyəcək. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanda problemli kreditlərin həcmi artıq 900 milyon manata yaxınlaşıb. Bu isə ölkədəki bank aktivlərinin təxminən 7 faizi deməkdir. Belə olan halda ödəmə vaxtının keçməsinə görə əmlak və girovun məhkəmə qərarı olmadan vətəndaşın əlindən alınması bankın hesabına keçməsi arzuolunan hal sayıla bilməz. Belə vəziyyət bir sıra mübahisələrin yaranmasına gətirib çıxara bilər. Bəzi hallarda problemli kreditin özünün mahiyyətini müəyyənləşdirmək çətindir. Əksinə, Azərbaycan çalışmalıdır ki, bu tip məsələlərdə, xüsusən də qonşu ölkələrdə tətbiq olunan metodologiyadan bəhrələnsin. Məsələn, Rusiyada krediti qaytarmaq imkanı olmayan insanlara 5 il müddətinə güzəştlər ediliri. Bu müddət müddətində ona krediti qaytarmaq üçün imkan verilir. Azərbaycanda da inzibati metodlardan deyil, daha çox təşviqedici, stimullaşdırıcı metodlardan istifadə etməklə problemin həllinə nail olmaq gərəkdir. Qanunvericilik aktları birmənalı şəkildə stimullaşdırıcı metodları təşviq etməlidir, nəinki krediti qaytara bilməyən vətəndaşların əmlakının məhkəmə qərarı olmadan bankın hesabına keçməsini. Bu mənada deyirəm ki, sözügedən problemin həlli üçün vətəndaşın əmlakının inzibati yollarla bankın hesabına keçməsi arzuolunan sayıla bilməz. Belə vəziyyət ölkədə birmənalı şəkildə yeni mübahisə və anlaşılmazlıqların yaranmasına səbəb olar".
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə sözügedən qanunun qəbulunu zəruri saydı: "Əslində bütün müqavilələr əqdlərin bir formasıdır. Müqavilə imzalayan şəxs hər hansı bir girov müqabilində daşınmaz əmlak alır. Belə olan halda hər hansı bir səbəb üzündən kredit alan şəxs onu ödəmək iqtidarında olmaya da bilər. Onda tələbkara imkan verilməlidir ki, borcu yönəldə bilsin. Məhkəmə zamanı isə prosedur uzun çəkir və xeyli vəsait tələb edir. Ona görə də qanunvericilikdə bu məsələləri daha da sürətləndirmək üçün təminatlı əqdlər haqqında qanunun qəbulu zəruridir. Burada başlıca məsqəd borcverənin hüquqlarının müdafiəsini də yaxşı şəkildə təmin etməkdir. Hazırda borc verib onun geri qaytarılmaması prosesi geniş yayılıb. Belə olan halda məhkəmələrə çatan iş uzun müddət aparır. Amma əqdlər haqqında qanunun olması dələduzluğun qarşısının alınmasına da yardımçı olacaq. Belədə girovu gələcəkdə məhkəmə yolu ilə deyil, birbaşa almaq imkanı olacaq. Bu da müqavilələri daha etibarlı edəcək və borc verənin hüquqları da daha geniş şəkildə qorunacaq".